Tarix: 13 Iyul 2020 14:04
Vaxtilə ölkəmizdə “Turan”ın baş məşqçisi olmuş Naci Şensoy Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlərə biganə qalmayıb. Qol.az xəbər verir ki, türkiyəli mütəxəssis Feysbuk səhifəsi vasitəsilə Azərbaycan əsgərinə dəstəyini nümayiş etdirib: “Möhkəm olun, igid tovuzlular və qəhrəman Azərbaycan əsgəri. Siz heç vaxt yalnız olmayacaqsınız. Tovuzlu igid şəhidimizin ruhu şad olsun”.
Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ordumuzun adekvat cavabından sonra düşmən geri çəkilib. Hücumun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusu 4 şəhid verib. Ermənistan tərəfi isə itkiləri açıqlamayıb.
Əlavə edək ki, Naci Şensoy 2002-2003, 2004-2005 mövsümündə və 2012-ci ildə Tovuz təmsilçisini çalışdırıb.