Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 15:48
"Bu təxribatlar haqqında artıq müdafiə naziri general-polkovnik Zakir Həsənov öz müşavirəsində diqqəti cəlb etmişdi ki, hər hansı bir təxribata cavab vermək üçün hazır olmaq lazımdır. Ondan sonra Azərbaycan Respublikası Prezidentinin hərbi məsələlər üzrə müşaviri general-polkovnik Məhərrəm Əliyev cəbhə bölgəsində oldu. Nazir general-polkovnik Zakir Həsənov da son zamanlar dəfələrlə cəbhə bölgəsində oldu və bu vəziyyəti yerində təhlil edərək lazım olan tapşırıqları verdi".
Bunu Sonxeber.net-a müsahibəsində ehtiyatda olan polkovnik Şair Ramaldanov Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ordusunun bölmələrinə qarşı növbəti təxribatını şərh edərkən deyib:
"Ermənistanın belə bir mövqeyi, danışıqlar prosesinin belə bir vəziyyətə salınması, əlbəttə, təxribatla nəticələnməli idi".
Paşinyan diqqəti cəbhəyə yönəltməklə nəyə nail olmaq istəyir?
- Əsas səbəblərindən biri ondan ibarətdir ki, bilirsiniz, indi pandemiya dövründə Ermənistanın sosial durumu elə də ürəkaçan deyil. Hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran hökm sürür, vəziyyət daha da çətinləşir. Cəmiyyətdə anti-Paşinyan ritorikası gündən-günə yüksəlməkdədir. Belə olduğu halda Ermənistanın demək olar ki, bütün zamanlarda dövlət rəhbərləri həmişə "kozır" kimi Azərbaycan-Ermənistan sərhəddində hansısa bir istiqamətdə təxribat törədərək vəziyyəti gərginləşdirməklə əhalisinin diqqətini sadaladığım həmin problemlərdən yayındırmağa çalışır.
Ermənistan silahlı qüvvələri cəbhədə tez-tez belə təxribatlar törədiblər. Bəs pandemiyanın hökm sürdüyü bir vaxtda Ermənistandan bu gözlənilən idimi?
- Bu dəfə o təxribatı biz Tovuz rayonunda müşahidə etdik. Bizim üçün demək olar ki, gözlənilməz deyildi. Bütün istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əməliyyat şəraitinə nəzarət edir, düşmənin bütün yerdəyişmələri və hərəkətləri müşahidə altındadır və vaxtında qabaqlayıcı tədbirlər görürlər. Hər bir variantın cərəyan etməsinə və cavab verməyə hazırdırlar. O cümlədən, biz bunu Tovuz rayonunda dövlət sərhəddində erməni tərəfinin növbəti təxribatı zamanı gördük. Bizim orada yerləşən silahlı qüvvələrin bölmələri və hərbi qulluqçuların qəhrəmancasına cavab verməsi, ayıq-sayıqlığı düşmənin xeyli itkilərlə üzləşməsiylə nəticələndi və öz məqsədlərinə nail olmadılar. Erməni təxribatına birinci daxildə olan proseslər səbəbdir. Daxili proseslərdən vətəndaşlarının diqqətini Azərbaycan-Ermənistan sərhəddindəki gərginliyə yönəltməyə çalışdılar.
Ordusu günü-gündən tənəzzülə uğrayan Paşinyan hakimiyyətinin cəbhədə təxribat törətməyə özündə "cəsarət" tapmasına nə səbəb ola bilər?
- Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Onların hüquqi sənədinə görə, o təşkilatın hər hansı bir üzv dövlətinə, ərazisinə müdaxilə, təzyiq olarsa o təşkilatın üzv dövlətləri bu münaqişədə iştirak etməlidirlər. İkinci səbəb ondan ibarətdir, bunu nəzərə alaraq ermənilər o istiqamətdə bu təxribatı törətdilər. O biri tərəfdən də növbəti addımları yenə də həmin təşkilata müraciətləri olacaq ki, Ermənistanı silahlandırsınlar və yeni silahlarla onları gücləndirsinlər.
Təxribat üçün niyə məhz o istiqamət seçilib?
- Ona görə ki, Azərbaycan dövlətinin humanitar mövqeyindən çıxış edərək dövlət sərhəddində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilərək Müdafiə Nazirliyinin bölmələri oradan çıxarılıb. Bu da dövlət sərhəddi boyu sabitliyi təmin etmək və oradakı dinc əhalinin artıq həyatını daha təhlükəsiz şəkildə yaşamaq məqsədilə edilib. Bu proses başlayıb və artıq dövlət sərhəddi Qazax istiqamətində tam şəkildə Dövlət Sərhəd Xidmətinin peşəkar hərbiçiləri öz vəzifələrini peşəkarlıqla yerinə yetirirlər. Orada da gərginlik var idi, amma dəfələrlə cavablarını da veriblər. Hazırda bu proses Tovuz istiqamətində genişlənməli idi və Tovuz istiqamətində yerləşən Müdafiə Nazirliyinin bölmələri Dövlət Sərhəd Xidmətinin bölmələri ilə əvəz edilməli idi. Bu məsələni əngəlləmək üçün Ermənistan Tovuz istiqamətində təxribat törətməyi seçib ki, bu proses müəyyən bir şəkildə gecikdirilsin. Erməni tərəfi gizlətmirdi ki, onlar bunun marağında deyillər. Ona görə də, onlar düşünürlər ki, o istiqamətdə azad olunmuş Müdafiə Nazirliyinə məxsus hərbi hissələri sabah işğal olunmuş torpaqların azad edilməsində istifadə oluna bilər. Ona görə də, çalışırlar bu məsələni hər cürə əngəlləsinlər. Ancaq bizim bölmələrimiz bütün istiqamətlərdə, Ermənistanla dövlət sərhəddində, o cümlədən Tovuz istiqamətində də bütün tədbirləri görürlər, layiqli cavabı veriblər və verəcəklər də. Düşmən də indiyə kimi necə itkilərə məruz qalmışdısa, bundan sonra da ancaq itkilərlə nəticələnəcək.
Ermənistanın cəbhədə bu cür təxribatları müharibə ocağını yenidən alovlandıra bilərmi?
- Təxribatlar prinsipcə müharibə ocağını hər an alovlandıra bilər. Bu addım da bizi həmin o alova daha da yaxınlaşdırır.
Təhməz Təkin