Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2020 16:12
Millət vəkili Arzu Nağıyev erməni hərbi birləşmələrinin törətdikləri təxribat nəticəsində intensiv atəşə tutulan yaşayış məntəqələrində olub.
Sonxeber.net xəbər verir ki, bu barədə Trend-ə A.Nağıyev özü məlumat verib.
Millət vəkili deyib ki, ötən gecədən ərazidə nisbi sakitlikdir: "Hazırda Tovuz rayonunun mərkəzindəyəm. Az öncə ermənilər tərəfindən atəşə tutulan Dondar Quşçu və Ağdam kəndlərində oldum. Ağdam kəndi Qaraqaya yüksəkliyinin yaxınlığında yerləşir. Burada həm kənd sakinləri ilə, həm də əraziyə ezam olunan jurnalistlərlə görüşdüm. Ötən gecə iriçaplı pulemyotlardan istifadə olunmayıb, mərmi səsi gəlməyib. Avtomatlardan ara-sıra atəş səsləri eşidilir. Son 3 sutkada tək bu gün sakitlik olub".
A.Nağıyev qeyd edib ki, dünən həmçinin erməni təxribatı nəticəsində qəhrəmancasına həlak olan bir neçə şəhidin dəfn mərasimində iştirak edib: "Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin. Əsas məqam odur ki, Azərbaycan Ordusu ərazidə nəzarəti tam şəkildə ələ alıb, erməni hərbçilərinin təxribatının qarşısı tam alınıb. Ermənilər çalışırdılar ki, dinc əhalini mərmi atəşinə tutmaqla onları öz yurd-yuvalarından qovsunlar və qorxutsunlar. Amma onların bu cəhdləri alınmadı. Tovuzun hər bir sakini Ali Baş Komandana və Azərbaycan Ordusuna güvənir, ordunun yanındadır. Əhalidə ruh yüksəkliyi var. Həm Dondar Quşçu, həm də Ağdam kəndində əhali öz işi ilə məşğuldur. Bəzi şəxslər sosial şəbəkələrdə təxribat xarakterli məlumatlar yayır. Əhali bu məlumatlara inanmasın. Bu heç də belə deyil, Azərbaycan Ordusu yüksək peşəkarlıqla öz işini görür, Ali Baş Komandan başda olmaqla istər ordu rəhbərliyi, istərsə də sakinlər mütəşəkkildirlər, bu istiqamətdə lazımi tədbirlər görülür".