Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 13:14
Bakı. Samir Əli - Trend:
Nəsimi rayon Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən kənd sakini İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Trend-in məlumatına görə, hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və İlkin Süleymanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.
Qeyd edək ki, ötən il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.