Tarix: 23 Iyul 2020 17:42
"Beşiktaş"ın futbolçusu Burak Yılmaz karyerasını Fransada davam etdirə bilər . Qol.az xəbər verir ki, onunla "Lill" maraqlanır. Bu barədə Fransa klubunun baş məşqçisi Kristof Qaltye mətbuat konfrasında bildirib.
O, 35 yaşlı hücumçunu transfer etmək istədiklərini söyləyib: "Bəli, Burak Yılmazla maraqlanırıq. Transfer reallaşacaq, ya yox, bunu görəcəyik. Yaşına baxmayaraq, sabit oyun nümayiş etdirir. Burakı idman direktorumuz Luis Kampos tövsiyə etdi və mənim də diqqətimi çəkdi".
Türkiyə mətbuatı yazıb ki, "Beşiktaş"dakı maaşı 16 milyon türk lirəsi olan Buraka klubunun 12 milyon lirə borcu var. "Beşiktaş" fransız klubunun təklifini qəbul edərsə, klub onun maaşından 6 milyonunu kəsərək Buraka azad agent statusu verəcək.
Qeyd edək ki, ötən ildən "Beşiktaş"da çıxış edən Burak Yılmaz “Trabzonspor”, "Fənərbaxça", "Qalatasaray" kimi komandalarda da çıxış edib. O, 2006-cı ildən Türkiyə millisinin üzvüdür.