Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 20:36
Bakı. Trend:
Nazirlər Kabineti Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərar verib.
Trend-in məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində müddətli əlavə müəyyən edilib.
Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən oktyabrın 1-dək olan müddət üçün ödənilir.
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etməlidirlər.