Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2020 21:08
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalar keçirir.
Diasporla İş üzrə Dövlət Komitəsindən Sonxeber.net-a bildirilib ki, hazırda Çexiyanın paytaxtı Praqada "Çex Respublikasındakı Azərbaycan İcması" təşkilatının dəstəyi ilə soydaşlarımızın aksiyası başlayıb.
Təşkilatın rəhbəri Eldar Vəliyevin verdiyi məlumata görə, ermənilərin Azərbaycanın Çex Respublikasındakı səfirliyinin binası qarşısına toplaşacağını eşidən soydaşlarımız dövlətimizə dəstəklərini ifadə etmək üçün buraya axın edib. Aksiyada Praqa, eləcə də Brno şəhərlərində yaşayan azərbaycanlılar iştirak edir. Təxminən 200-ə qədər azərbaycanlı güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən, beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, Ermənistanın işğalçılıq siyasətinə və erməni təxribatlarına son qoyulmasını tələb edir.
Əllərində ermənilərin Azərbaycan Ermənistan sərhədinin Tovuz istiqamətində törətdikləri təxribatlar zamanı həlak olan hərbçilərimizin şəkillərini daşıyan aksiya iştirakçıları çex və ingilis dillərində şüarlar səsləndirirlər.
Qeyd edək ki, bir qrup erməni də səfirliyimizin binası yaxınlığına toplaşıb.
Soydaşlarımız səfirliyin binası qarşısında aksiyanı bitirdikdən sonra Praqa şəhərinin mərkəzinə toplaşaraq icazəli dinc aksiyaya davam edəcəklər.