Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 20:15
Yayda, havaların isti keçdiyi dövrdə adətən ürək problemi olanların şikayətləri artır. Bu səbəbdən mütəxəssislər ürək-damar problemi olanlara isti havalarda daha diqqətli, ehtiyatlı olmağı tövsiyə edirlər. Hesab olunur ki, yayda ürəyin fiziki yükünü də azaltmaq lazımdır. Bunu necə etmək olar?
Sonxeber.net e-tibb.az-a istinadən Respublika Diaqnostika Mərkəzinin həkimi, kardioloq Şəmşir Vəliyevin bununla bağlı tövsiyələrini təqdim edir:
İsti havalarda ürəyin fiziki yükünü necə azaldaq?
1. Qida rasionunuza diqqət edin. Yağlı, ağır yeməklərdən imtina edin, duzun istifadəsini minimuma endirin. Tez-tez və az-az yeyin. Daha çox meyvə və tərəvəzlərdən istifadə edin. Çoxlu moruq yeyin. Çünki moruq qanı duruldur. Ətdən çox yağsız balığa üstünlük verin və yeməklərinizi bitki yağları ilə hazırlayın.
2. Bədənin su balansını qorumaq üçün gündə minimum 1,5-2 litr su için. Çünki isti havalarda bədən xeyli miqdarda su itirir. Qazsız sulara üstünlük verin. Qəhvə və kofein tərkibli içkilərdən, spirtli içkilərdən uzaq durun. Bu növ içkilər damarları genişləndirir, ürəyin yükünü artırır. Mineral sular, təzə çəkilmiş meyvə şirələri, süd məhsulları içə bilərsiniz.
3. Fiziki aktivliyinizi azaldın. Ən əsası ürək-damar sistemində problemi olanlar və bağ evində torpaqla işləyənlər əyilərək və başınızı aşağı salaraq, saatlarla iş görməyin. Bu poza başda qan dövranının işinə mane olar, arterial təzyiq qəfildən qalxar, bu da huşun itirilməsinə və insulta səbəb ola bilər. 30-40 dəqiqə işlədinizsə, 15-20 dəqiqə dincəlin. Əgər təngnəfəslik, ürəyin fəaliyyətində ritm pozğunluğu, halsızlıq, baş gicəllənməsi, döş qəfəsində ağrılar hiss edirsinizsə, dərhal fiziki hərəkəti dayandırın. Səhər saat 11-ə qədər və saat 4-dən sonra işləmək məsləhətdir. Əgər sizin ürəklə bağlı narahatlıqlarınız varsa, hər zaman yanınızda ürək və təzyiq dərmanları gəzdirin.
4. Günün ən isti çağında küçəyə çıxmamağa çalışın. Günəş altında 15-20 dəqiqədən artıq qalmayın. Təngnəfəslik, halsızlıq hiss edən kimi kölgəyə çəkilin və ya sərin yerə keçin.
5. Əgər siqaret istifadə edənsinizsə, heç olmazsa sutka ərzində istifadə sayını azaldın. Siqaret qanın oksigenlə dolmasına mane olur və damarların spazmına səbəb olur.
6. İstilərdən xilas olmağın yolu həddən artıq sərin suda, soyuq duş qəbulunda deyil. Bu, əsasən də işemiya xəstəliyi olanlara aiddir. Bu hal damarların əlavə spazmına səbəb ola bilər. Nəticədə isə infarkt və stenokardiya tutmasına gətirib çıxarar.
7. Başınızı günvurmadan qorumaq üçün papaq taxın və həkiminizin məsləhətlərinə diqqət edin.