Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2025 09:21
Texnologiyanın cəlbediciliyi getdikcə artdıqca uşaqların telefon və planşetlərə bağlılığı valideynlərin əsas narahatlıqlarından birinə çevrilib. Mütəxəssislər xəbərdarlıq edirlər ki, azyaşlıların uzun müddət ekran qarşısında qalması onların beyin inkişafına, sosial bacarıqlarına və emosional sağlamlığına ciddi təsir göstərir.
Buna görə də müasir psixoloqlar uşaqları ekranlardan birdəfəlik ayırmağın deyil, onlara alternativ, inkişaf etdirici məşğuliyyətlər təqdim etməyin daha effektiv olduğunu bildirirlər.
"Uşağa alternativ təqdim olunmadan ekran asılılığı aradan qalxmaz".

Uşaq psixologiyası və nevroinkişaf sahəsində tanınmış fransız psixiatr Dr. Serge Tisseron (uşaqlar və rəqəmsal media üzrə ekspert, "3-6-9-12 qaydası"nın müəllifi) bildirir ki, uşağa yetərincə sosial və yaradıcı stimul təqdim olunmadıqda, o, ekrana emosional asılılıq kimi bağlanır.
Tisseronun fikrincə: "Uşağa real oyun və qarşılıqlı əlaqə təklif olunmadan ekran vaxtını azaltmaq mümkün deyil. Uşaq mühitdə zəngin fəaliyyət tapdığı anda ekran ikinci plana keçir".

Eyni mövqeni amerikalı pediatr, uşaq inkişafı üzrə araşdırmaçı Dr. Jenny Radesky də dəstəkləyir. Radesky uzun illərdir ki, uşaqların media istifadəsi və beyin inkişafı üzərində araşdırmalar aparır:
"Əl-fəaliyyətli oyunlar, konstruksiya, kəs-yapışdır, rəsm, bloklarla qurma, beynin icraedici funksiyalarını inkişaf etdirir. Bu fəaliyyətlər ekranın təmin edə bilmədiyi diqqət, planlaşdırma və yaradıcılığı gücləndirir".

Böyük Britaniyanın "Royal College of Paediatrics and Child Health" təşkilatının ekran istifadəsi üzrə mütəxəssisi, uşaq həkimi Dr. Max Davie isə qeyd edir ki, açıq hava vaxtı və fiziki aktivlik uşaqların həm psixoloji, həm də duyğu sabitliyini artırır:
"Gündəlik ən azı bir saat açıq hava fəaliyyəti ekran asılılığının qarşısını almağın ən təsirli yollarından biridir. Hərəkət, sosial oyun və təbiətlə təmas uşağın beynini sakitləşdirir".
"Telefonu əlindən almaq yox, uşağa münasibəti dəyişmək lazımdır"

Mövzu ilə bağlı