Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quba sakininin muzeyi xatırladan həyətindən - REPORTAJ - VİDEO - FOTO

Quba sakininin muzeyi xatırladan həyətindən - REPORTAJ - VİDEO - FOTO

Tarix: 29 Iyul 2020 23:06

Quba rayonunun Dəlləkli kənd sakini Merdas Abibovun həyəti muzeyi xatırladır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həyətində 200-dən çox qədim əşya toplayan M.Abibov 40 ildən çoxdur bu işlə məşğuldur.

Həyətdə yaşı 200 ildən çox olan məişət əşyaları və təsərrüfat alətlərinə də rast gəlmək olar. "Muzey"dəki əşyalar Azərbaycanın müxtəlif bölgələrinə, fərqli etnik qruplara aiddir. M.Abibovun həyətində özbək, rus, Ukrayna xalqlarına məxsus qədim məişət əşyaları da qorunur.

M.Abibov bildirib ki, gələcəkdə kənddə muzeyin yaradılmasını arzulayır. "İstəyirəm buradakı qədim əşyalar qorunsun. Kəndimizin muzeyi olsun və gənc nəsil bundan bəhrələnsin. Qədim əşyaları tanışlarımdan və qohumlarımdan əldə edirəm. Bu məşğuliyyətimdən xəbər tutan bəzi insanlar özlərində olan tarixi əşyaları mənə verirlər. Gələcəkdə hər bir əşyanın tarixi və muzeyə kim tərəfindən təqdim olunduğu haqqında məlumat lövhələri hazırlayacağam", - deyə M.Abibov söyləyib.

Həyətdə toplanan hər bir əşyanın öz tarixçəsi var. Məsələn, eksponatlar arasındakı araba təkəri 1979-cu ildə çəkilən "Mən mahnı bəstələyirəm" filminin yadigarıdır. "Həmin filmin çəkilişləri zamanı qonşum Balaşirin dayının arabasından istifadə olunub. Bu da həmin arabanın təkəridir. Bu təkərə baxanda həmin film xatırlanır. Buradakı mexaniki telefon kommutatorundan 1968-ci ildə Saatlı rayonunda kolxoz sədri işləmiş Sosialist Əməyi Qəhrəmanı Mövlud Bayraqdarov istifadə edib. Həyətimdə 1778-ci ilə aid samovar da qorunub saxlanılır", - deyə Dəlləkli kənd sakini bildirib.

Axısxa türkü olan Merdas Abibovun həyətinə gələnlər müxtəlif dövrlərə aid qazanlar, samovarlar, saxsı qablar, nehrələr, çıraqlar, səhənglər və onlarla başqa məişət əşyaları, eləcə də təsərrüfat alətlərinə tamaşa edə bilərlər. Toplanan əşyalar arşında axısxa türklərinin mədəniyyətini, mətbəxini özündə əks etdirənlər çoxluq təşkil edir.


Etiketlər:  Quba sakininin muzeyi xatırladan həyətindən REPORTAJ VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ