Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 17:09
Prezident İlham Əliyev "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yerin təki haqqında" və "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, "Sanitariya-epidemioloji salamatlıq haqqında" Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilir:
"Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" və "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilməlidir.".
Həmçinin, "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin on beşinci abzası aşağıdakı redaksiyada verilir:
"balıqçılıq su obyektlərinin vəziyyətinə təsir edə bilən işlərin aparılması, müəssisələrin, qurğuların və digər obyektlərin tikintisi və yenidən qurulması layihələrinin dövlət ekoloji ekspertizasının "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq keçirilməsi.".
"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə isə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilir:
"2-1. Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının zərərsizləşdirilməsi (basdırılması), emalı sahəsində müəssisələrin, habelə bu fəaliyyətlə bağlı digər obyektlərin layihələndirilməsi və fəaliyyəti zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" və "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun həyata keçirilir.".