Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 18:39
Bakı. Trend:
Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə, kultivasiya yolu ilə yetişdirilən, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaş-Xaş 2019” kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Trend-ə verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon Mənəşli kəndində yerləşən otlaq sahədən, ümumi çəkisi 1265 kiloqram olan 3793 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.
Faktla bağlı başlanan təhqiqat araşdırmaları davam etdirilir.
Qeyd edək ki, yabanı halda bitən narkotik xassəli bitkilərə qarşı mübarizənin daha da genişləndirilməsi, həmin kolların ayrı-ayrı cinayətkar ünsürlərin əlinə keçməsinin qarşısını vaxtında alınması və yerinin müəyyən edilərək məhv edilməsində polis əməkdaşlarına paytaxt, eləcə də bölgələrdə yaşayan vətəndaşlar da yaxından köməklik göstərməlidirlər. Yabanı şəkildə bitən narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin