Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 15:08
"Artıq 5 aydır ki, polis əməkdaşları gücləndirilmiş iş rejimində karantin tədbirlərinə nəzarət edir".
Bunu Sonxeber.net-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.
Polis polkovniki yumşalmadan sonra DİN əməkdaşlarının daha gücləndirilmiş vəziyyətdə çalışdığını bildirib:
"Avqust ayının 31-dək də karantin rejimi davam edir. Gündəlik olaraq da DİN və Daxili qoşunların hərbi qulluqçuları tibbi maskalardan, ara məsafəsinin saxlanılmasına, riayət olunmasına nəzarət edirlər. Belə hallarla da rastlaşdıqda İnzibati Xətalar Məcəlləsinə uyğun həmin şəxslər barəsində tədbirlər görülür. Karantin rejimi yumşaldılandan sonra şəhərdə insanların sayı xeyli artsa da, onlardan da tibbi maskadan istifadə, sosial məsafənin saxlanılması tələb olunur və ciddi nəzarət olunur. İctimai nəqliyyatda və qapalı məkanlarda yoxlamalar zəifləməyib, əksinə gücləndirilib".
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üzrə 21 iyun 2020-ci il tarixindən etibarən tətbiq olunan sərtləşdirilmiş tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətdə stabilləşmə müşahidə edilir. Preventiv tədbirlər və vətəndaşların mövcud qaydalara əməl etməsi nəticəsində virusa yoluxanların sayında azalmaya nail olunub. Hazırkı sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də ölkə üzrə bəzi yumşalmaların tətbiqinə qərar verilib.
Bu gün 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olunub, çimərliklər açılıb.
Təhməz Təkin