Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Bu sərəncamlar gələcəkdə də insanların rifahına xidmət edəcək

Deputat: Bu sərəncamlar gələcəkdə də insanların rifahına xidmət edəcək

Tarix: 22 Iyun 2019 12:09

Bakı. Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması haqqında son sərəncamları ölkədə həyata keçirilən sosial islahatların növbəti inqilabi mərhələsidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Prezident bu addımı ilə həyata keçirdiyi siyasətdə ölkədə rifah halının yüksəldilməsinin prioritet istiqamət olduğunu, hər bir vətəndaşı düşündüyünü bir daha göstərdi.

"Minimum əməkhaqqının artırılması sosial-iqtisadi sahədə aparılan islahatlarla bağlı siyasətin davamlı olduğunu bir daha təsdiqləyir. Bu addım xeyli sayda insanın sosial rifahının yaxşılaşmasına xidmət edəcək. Belə ki, ümumilikdə dövlət və özəl sektor üzrə maaş artımı birbaşa olaraq 950 mindən çox işçini əhatə edəcək".

Akademik qeyd edib ki, dövlət başçısı vətəndaşların sosial rifahının yüksəldilməsini hər zaman diqqətdə saxlayır. Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq işlər görür: "Bu gün ölkə Prezidenti tərəfindən atılan bu addımlar gələcək perspektivə hədəflənib. Minimum aylıq əməkhaqqının artırılması işçilərin yalnız bu gün üçün maaş formasında gəlirlərinin çoxalması deyil, onların gələcək sosial təminatlarına da müsbət təsir edəcək. Çünki artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya daha da artır”.

G.Baxşəliyevə əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən imzalanan istər bu, istərsə də digər sərəncam və qərarların hamısı Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi, Azərbaycanın mövqeyinin daha da gücləndirilməsi məqsədinə xidmət edir.


Etiketlər:  Deputat sərəncamlar gələcəkdə insanların rifahına xidmət edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ