Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 16:32
Dövlət başçısının məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında tapşırıqlarına uyğun olaraq vakant hakim vəzifələrinə, o cümlədən yeni ayrılmış hakim ştatlarına namizədlərin seçilməsi prosesi davam edir.
Məhkəmə-Hüquq Şurasının Aparatından Sonxeber.net-a bildirilib ki, növbəti müsabiqə zamanı 200-dən çox hakimliyə namizəddən 44 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan müvəffəqiyyətlə keçib və yarım il davam edən tədris kursunu, o cümlədən məhkəmələrdə stajkeçməni uğurla başa vurub.
Həmin namizədlərin peşə hazırlığının yoxlanılması məqsədilə tədrisin nəticələri üzrə onlarla yazılı imtahan keçirilib. İmtahan karantin rejiminə uyğun olaraq zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunub.
İmtahan başlamazdan əvvəl, yerindəcə, Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanıb, həmin suallardan cinayət və mülki sahəyə dair tam təsadüfi yolla ikisi seçilib.
Seçilmiş suallar imtahan keçirilən auditoriyada, namizədlərin gözü qarşısında çoxaldılaraq onlara paylanılıb.
4 saat davam edən imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdiriblər.