Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Livandakı partlayış neft bazarına təsir edəcək? - Fransalı ekspert izah edir

Livandakı partlayış neft bazarına təsir edəcək? - Fransalı ekspert izah edir

Tarix: 7 Avqust 2020 22:04

Livandakı partlayış dünya neft bazarına təsir etməyəcək.

Sonxeber.net bildirir ki, bunu Trend-ə fransalı ekspert, Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

O bildirib ki, London beynəlxalq neft birjasında "Brent" markalı neftin 2020-ci il oktyabr fyuçersləri ötən gün 46 dollar/barelə yüksəldikdən sonra 45 dollara yaxınlaşıb:

"Amma bu, nisbətən yüksək qiymət Beyrutdakı partlayışın nəticəsi deyil. Neft qiymətlərinin artımının başlıca izahı ABŞ-da xam neft ehtiyatlarının kəskin azalmasıdır. ABŞ Enerji İnformasiyası Agentliyinin məlumatlarına əsasən, ölkədə xam neft ehtiyatları iyulun son həftəsində 7,4 milyon barel azalıb. Agentlik bu məlumatı bu həftə dərc edib və bu, neft bazarına müsbət təsir göstərib".

Ekspert qeyd edib ki, ABŞ-da neft ehtiyatlarının azalması ilə yanaşı, neft qiymətləri həm də pandemiya və ABŞ-la Çin arasında gərginliyin təzyiqinə məruz qalıb:

"Bu iki amil neft qiymətlərinin azalmasına gətirib çıxarır. Yeni "soyuq müharibə" artıq pandemiyadan əziyyət çəkən dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir".

F.Perren deyib ki, Beyrutdakı partlayış nə son günlərdə neft qiymətlərinə təsir edib, nə də gələcəkdə edəcək:

"Livan iri neft hasilatçısı, ixracatçısı deyil, iri neft idxalatçısı və istehlakçısı da deyil. Partlayış da neft, neft məhsulları və ya təbii qazla əlaqədar deyil, gübrə və partlayıcı maddələr üçün istifadə olunan ammonium nitratla əlaqəlidir. Bundan başqa, Beyrut limanı iri neft ticarəti obyekti deyil və Beyrutda baş verən hadisə Yaxın Şərqdən xam neftin və neft məhsullarının hasilatı, nəqli və ixracına mənfi təsir göstərməyib".

O, həmçinin bu hadisənin regionda yüklərin daşınmasına təsiri barədə də danışıb:

"Livan hakimiyyəti dəniz əlaqəsini Beyrutdan Tripoliyə keçirmək istəyir. Hazırda Tripoli limanı Beyrutdakı partlayışlarla əlaqədar ölkənin əsas limanıdır, amma ona gücünü artırmaq üçün vaxt lazım olacaq. Baş vermiş hadisə, həmçinin Livanın idxaldan, o cümlədən ərzaq idxalından onsuz da yüksək olan asılılığını daha da artıracaq".


Etiketlər:  Livandakı partlayış neft bazarına təsir edəcək Fransalı ekspert izah edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ