Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda süni intellekti necə inkişaf etdirmək olar? - TƏKLİF

Azərbaycanda süni intellekti necə inkişaf etdirmək olar? - TƏKLİF

Tarix: 11 Avqust 2020 09:18

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda gənc nəslin proqramlama və ixtira fəaliyyətlərinə dəstək verilməli, onların süni intellektə qatqı verə biləcək layihələri maliyyələşdirilməlidir.

Bunu Trend-ə təhsil üzrə ekspert Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, süni intellektin inkişafı məqsədilə orta məktəblərdə robotexnika və kodlama dərsləri tədris edilməlidir.

Ekspert qeyd edib ki, şagirdlərin proqramlaşdırma bacarıqları inkişaf etdikcə süni intellekt sahəsində bacarıqları da inkişaf edəcək. Eyni zamanda, ali təhsil ocaqlarında və AMEA- da süni intellekt ixtisasları üzrə kadr hazırlanmalı və bu sahə üzrə tədqiqatlara grantlar verilməlidir: "Unutmamalıyıq ki, sahib olduğumuz insan kapitalı təbii sərvətlərimizdən daha dəyərlidir. Bu kapitalın inkişafı üçün vacib olan bütün addımlar atılmalıdır".

Süni intellektin insan məntiqini informasiya hesablama texnologiyalarında tətbiq etmək məqsədilə yaradılan dəqiq elm sahəsi olduğunu xatırladan E.Süleymanov qeyd edib ki, süni intellekt sahəsində aparılan tədqiqatlar kompüter elmləri, iqtisadiyyat, psixologiya, optimallaşdırma, məntiq və bir sıra başqa sahələri əhatə edir. Süni intellekt təbiət elmləri və mühəndislikdən başlayaraq, bir çox sahədə geniş şəkildə istifadə olunur: "Bu sahə insanın sahib olduğu ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilir. Müasir dünyada kompüterlərin insan beyni kimi fəaliyyət göstərməsinə imkan verən süni intellektin mürəkkəb innovativ texnologiyası sosial həyatımızın müxtəlif sferalarına inteqrasiya edərək cəmiyyətin innovativ inkişafında mühüm rol oynayır. Hazırda dünyanın ən qabaqcıl, inkişaf etmiş ölkələri süni intellektə əsaslanan yüksək innovativ texnoloji məhsul və xidmətlərin inkişaf etdirilməsi üçün külli miqdarda maliyyə vəsaiti sərf edir. Son illər telekommunikasiya, elektron ticarət, nəqliyyat, səhiyyə, maliyyə və digər istehsalat sahələrində olduğu kimi, artıq innovativ sahibkarlıq sahəsində də süni intellekt məhsullarının tətbiqinə geniş yer verilir".

Süni intellektin informasiya texnologiyaları sahəsinin mövcud istiqamətləri arasında ən çox gəlir gətirən sahələrdən biri olduğunu deyən E.Süleymanov bildirib ki, süni intellektin inkişafı ölkələrin iqtisadiyyatında diversifikasiyanın gücləndirilməsinə təkan verir: "Süni intellekt proqramlarını danışa və hərəkət edə bilən robot kimi hər gün qarşımızda görməsək də, gündəlik həyatımızda həmin texnologiyadan istifadə edirik. Bu elm aviasiya, təhsil, səhiyyə, maliyyə, ağır sənaye, neyrocərrahiyə və digər sahələrdə tətbiq olunur. Süni intellekt böyük vaxt tələb edən məsələlərin həllində effektivdir, o, yuxu və fasilə tələb etmədiyindən fasiləsiz işləyə bilir. Süni intellekt tətbiq olunan zaman xətaların başvermə ehtimalı yoxdur, eləcə də ondan kosmos və okeanın dərinliklərinin araşdırılmasında istifadə edilir".

E.Süleymanov qeyd edib ki, süni intellektin insan əməyinə olan tələbatı aşağı salması kimi mənfi tərəfi də mövcuddur. Proqnozlara görə, 2030-cu ilədək dünyada işləyən əhalinin üçdə-biri, Yaponiyada isə təqribən yarısı yeni peşələr axtarmaq məcburiyyətində qalacaq: "Yeri gəlmişkən, artıq süni intellektdən istifadə edərək sürücüsüz idarə olunan avtomobillər yaradılır. "Google” şirkətinin yaratdığı pilotsuz avtomobillər ABŞ yollarında sınaqlardan da keçirilib. Bu ağıllı avtomobillər xeyli məsafə qət edərək bir dəfə də olsun yol hərəkəti qaydasını pozmayıb və qəzaya uğramayıb. "Google” şirkətinin təcrübəsini yalnız nəqliyyat şirkətləri deyil, yol hərəkəti qəzaları sahəsində ixtisaslaşan hüquqşünaslar da izləyirlər. Onların fikrincə, insan xətalarının sayı səngidikcə xəsarət alan insan və maşınların sayı, nəticədə ölüm hadisələri və sığorta haqqı da azalacaq. Bu o deməkdir ki, yol hərəkəti hadisələrində zərər çəkən insanların hüquqlarını qoruyan hüquqşünasların da işinə tədricən ehtiyac qalmayacaq. Yalnız hüquqşünaslar deyil, sürücülər, yükdaşıyanlar, çağrı mərkəzlərinin, qaynar xətlərin operatorları öz işini itirəcək. Bu və digər peşə sahiblərini süni intellekt əvəz edəcək".

Azərbaycanın Cənubi Qafqazda süni intellektin tətbiqinə görə öz liderliyini qoruyub saxladığını deyən E.Süleymanov əlavə edib ki, süni intellektin tətbiqini əks etdirən qlobal indeksdə (2019-cu ildə nəşr olunub) ölkəmiz 64-cü yerdədir. Cədvəldə Gürcüstan 76-cı, Ermənistan isə 81-ci sırada yer alıb. İlk beşlikdə isə Sinqapur, Almaniya, Böyük Britaniya, ABŞ və Finlandiya yer alır.

Ekspert hesab edir ki, Azərbaycanda süni intellektin tətbiqinin hər il daha da artacağının göstəricisi əvvəlki nəslə nisbətən yeni nəsil əhalinin internet texnologiyalarından daha məhsuldar istifadə edə bilmə potensialıdır: "Hazırda orta və ali təhsil müəssisələrində təhsil alan iki milyona yaxın şagird və tələbə müasir informasiya texnologiyalarından daha məhsuldar istifadə edir. Texnologiya nəsli olan bu "Z" nəsli süni intellekt imkanlarının genişlənməsinə müsbət təsir edəcək. Sadəcə, hökumətin üzərinə düşən vəzifə bu nəslin bilik və bacarıq potensialını daha da inkişaf etdirmə proqramlarını artırması üçün işlər görməkdir".


Etiketlər:  Azərbaycanda süni intellekti necə inkişaf etdirmək olar TƏKLİF


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ