Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2020 15:48
Bakı. Ceyhun Ələkbərov - Trend:
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (012) 566 52 58 nömrəli operativ xəttinə 2020-ci ilin mart ayından bu günə qədər ümumilikdə 5980 zəng daxil olub.
Bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, zənglərin ümumi məzmunu Fərqlənmə Nişanı əldə etmək üçün tələb olunan sənədlərin siyahısı və ödənilən dövlət rüsumları, ölkə üzrə yükdaşıma xidməti göstərmək üçün tələb olunan icazə vərəqəsini əldə etmək üçün hansı qaydaların mövcud olduğu, işə qəbul proseduru, şəhərlərarası istiqamətdə taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün fərqlənmə nişanını necə və hansı qurumdan əldə etməyin mümkünlüyü, Bakıya giriş məhdudiyyətinin aradan qalxacağı müddət, rayon qeydiyyatında olanların Bakıya hansı tarixdə geri qayıda biləcəkləri, Xüsusi Karantin rejimi dövründə şəhərlərarası sərnişindaşıma fəaliyyətində taksilərin xidmətindən istifadəyə dair iznin şərtləri, şəxsin özü rayon qeydiyyatında olduğu halda, avtonəqliyyat vasitəsi Bakı qeydiyyatındadırsa, Bakı şəhərinə gəlmək üçün hansı məhdudiyyətlə üzləşə biləcəyi, ölkə üzrə yükdaşıma fəaliyyəti göstərmək üçün postlarda hərəkətin məhdudlaşdırılması ilə bağlı problemlə qarşılaşa biləcəkləri, Xüsusi Karantin rejimində taksi xidməti göstərmək üçün elektron portaldan icazə almağın qaydaları, fərqlənmə nişanı əldə etmək üçün sosial sığorta ödənişinin məbləği, Bakı-Sumqayıt istiqamətində avtobusların fəaliyyəti, ölkədaxili yükdaşıma fəaliyyəti göstərmək üçün Fərqlənmə Nişanını bir illik əldə etməyin mümkünlüyü, taksi fəaliyyəti üzrə gediş haqlarının tarif şurasının qərarına uyğun təyin olunması prosesinin reallığa uyğun olub-olmadığı, hüquqi şəxslər və fərdi sahibkarların sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə təsərrüfat ehtiyaclarının ödənilməsi üçün öz işçilərinin və yüklərinin daşınması üçün tələb olunan xüsusi razılıq üçün sənədlərin məzmunu, şəxsin Icazə.e-gov.az elektron portalında icazəsi olub-olmadığına dair məlumat, ölkə üzrə elektron portalda hərəkətinə icazə varsa, bu halda ölkə üzrə taksi xidməti göstərməyin mümkünlüyü, yeni fəaliyyətə başlamış taksi sürücülərinin Karantin rejimində xidmət göstərə bilmələri üçün zəruri prosedurlar və ölkə üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq üçün 2 əmsalı üzrə Fərqlənmə Nişanını əldə etməyə iznin olması barədə olub.
Eyni zamanda müəyyən marşrut xətləri üzrə avtobusların ümumi durumu və intervalın çox olmasına dair şikayətlər və aidiyyatı üzrə qurumun səlahiyyətləri xaricində olan məsələlərə dair sorğular da bu müddət ərzində cavablandırılıb.