Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Avqust 2020 10:28
Bakı. Samir Əli - Trend:
Sumqayıt şəhərində yerləşən “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti zamanı havaya qatı tüstünün yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı sözügedən müəssisədə quraşdırılmış qaztəmizləyici qurğunun işləmədiyi və nəticədə atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib. Bunu Xidmətin rəis müavini Ramal Bağırov bildirib:
“Faktla bağlı müəssisənin istehsalat üzrə direktoru Xaliq Mahmudov barəsində protokol tərtib edilib və o, 3000 manat məbləğində cərimə olunub. Müəssisədə yeni qaztəmizləyici qurğunun quraşdırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib”.