Tarix: 26 Avqust 2020 10:15
“Apple” korporasiyasının ən böyük istehsalçı tərəfdaşları qismində çıxış edən Tayvanın “Foxconn” və “Pegatron” şirkətləri Çində fəaliyyət göstərən zavodların qismən Meksikaya mümkün köçürülməsini nəzərdən keçirirlər. Qlobal təchizat zəncirinin köçürülməsinə səbəb kimi ABŞ və Çin arasında gərginliyin artması, eləcə də “COVID-19” koronavirus infeksiyasının davam etməsi qeyd olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, “Foxconn” və “Pegatron” iri elektronika istehsalçılarının, o cümlədən “Apple” şirkətinin podratçıları kimi məşhurdurlar. Onların Cənubi Amerika regionunda hansı şirkətlərlə əməkdaşlıq edəcəyi hələ ki məlum deyil, lakin “Foxconn” tərəfindən “iPhone” modellərinin yığılması üçün yeni zavoddan istifadə ediləcəyi ehtimal olunur.
Məlumata görə, öz növbəsində “Pegatron” Meksikada çip və digər elektronika komponentlərinin istehsalını qurmaq niyyətindədir. Məsələ ilə bağlı son qərarın ilin sonunadək qəbul ediləcəyi gözlənilir.
Bildirilir ki, hazırda “Foxconn” Meksikada əsasən televizor və server avadanlığının istehsal olunduğu beş zavoda malikdir. Ayın əvvəlində Taybeydə sərmayədarların konfransında çıxış edən şirkətin sədri Lyu Yanq-Vey bəyan edib ki, ABŞ və Çin arasında ticarət mübahisəsi şəraitində “Foxconn” iki bazara xidmət göstərmək üçün iki təchizat zəncirinin yaradılması üzərində çalışır. O, dünya fabrikinin artıq mövcud olmadığını bildirərək hazırda “Foxconn” məhsullarının 30 faizinin Çindən kənarda istehsal olunduğunu əlavə edib.
“Foxconn” nümayəndələrinin sözlərinə görə, şirkət Meksikada aktiv investordur və qlobal əməliyyatların genişləndirilməsini davam etdirir. Lakin regionda investisiyaların artırılması ilə bağlı planlar mövcud deyil.
Nizam Nuriyev