Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 22:44
"Çətin olacağını bilirdik. Avropa Liqası tam başqa turnirdir. İlk hissədə oyunumuz alınmadı. Rəqib arxada qapanırdı".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının 1-ci təsnifat mərhələsinə Bakıda "Şkupi"ni məğlub edərək 2-ci raunda yüksəldikləri oyundan sonra deyib.
O, Şimali Makedoniya klubu üzərində 2:1 hesablı qələbəni beləş şərh edib: "İlk yarıda istədiyimizi edə bilmədik. İkinci hissədə təzyiqi artırdıq, rəqib səhvlər etdi və qələbə qazandıq. Hər bir futbolçumuza təşəkkür edirəm. Səhvlər var, bizim işimiz bunu aradan qaldırmaqdır. Bütün "Neftçi" azarkeşlərini təbrik edirəm".
43 yaşlı mütəxəssis komandasının ilk hissədəki zəif çıxışı haqda deyib: "Rəqibin əks hücumdan oynayacağını gözləyirdik. Futbolçulara tapşırdım ki, cinahlardan hücum etməliyik. Əks hücumda bizi yaxalayırdılar. Sürətli əks hücuma çıxırdılar. Top itkiləri var idi. "Neftçi" topu saxlamaqla seçilib, amma bu dəfə belə deyildi. Bəzi oyunçular həyəcanlı ola bilər. Düşünürəm ki, bu zamanla aradan qalxacaq. Heyətimizə yeni oyunçular da qatılıb".
F. Məmmədov futbolçuları Anton Krivotsyuk və Stiven Monrozun zəif çıxış etməsi ilə razılaşmayıb: "Krivotsyuk tam istədiyimi etdi. Mən bu fikirlə razı deyiləm. Top hücuma çox gəlməyəndə hücumçu az görünür. İkinci hissədə Monroz arxaya çəkilməyə məcbur olurdu. İkinci hissədə daha aktiv idi. Onu əvəzləsəydim, planımız dağıla bilərdi".