Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Sentyabr 2020 12:42
Bakı. Samir Əli - Trend:
Şirvan şəhərində Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin rəisinə hücum edilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirtliyindən məlumat verilib. Məlumatda bildirilir ki, 01.09.2020-ci il tarixdə, gecə saatlarında VAZ-2106 markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü Qiyaslı Orxan Yaşar oğlu Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qəza törətmiş, sürücü hadisə yerində vəfat etmişdir. Mərhumun meyiti məhkəmə-tibbi müayinə məqsədilə aidiyyəti hüquq mühafizə orqanları tərəfindən Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Şirvan şəhər şöbəsinin meyitxanasına gətirilmişdir.
Bu gün səhər saatlarında mərhumun yaxın adamları Sabirabad rayonunun Qaragünə kənd sakinləri Birliyin Şirvan şəhər şöbəsinə gələrək meyitin morqa gətirilməsinə aqressiv şəkildə iradlarını bildirmiş, meyitin müayinə olunmaması tələbi ilə şöbə əməkdaşlarını, xüsusilə də şöbənin rəisi – məhkəmə-tibb eksperti Eldar Məmmədovu təhqiramiz ifadələr və küçə söyüşləri ilə təhqir edərək ona zor tətbiq etmiş, bədən xəsarəti yetirmişlər. Hadisə zamanı orada iştirak edən Daxili İşlər Nazirliyinin təhqiqatçısı və digər polis əməkdaşlarının köməkliyi ilə aqressiv şəxslər meyitxanadan çıxarılmış və daha ağır hadisələrin baş verməsinin qarşısı alınmışdır.
Baş vermiş hadisəyə hüquqi qiymət verilməsi məqsədi ilə Şirvan şəhər prokurorluğuna müraciət edilib.