Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Ermənistan Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub

Deputat: Ermənistan Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub

Tarix: 11 Sentyabr 2020 15:03

Müasir dünyamızda təhsil diqqət göstərilməli ən önəmli və vacib sahələrdən biridir. Çünki Prezident İlham Əliyevin vurğuladığı kimi hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır. Buna görə də nəinki xarici ölkələr, o cümlədən beynəlxalq qurumlar da təhsil sahəsini hər zaman diqqətdə saxlayırlar. Amma təəsüflər olsun ki, işğallar, silahlı münaqişələr uşaqların normal təhsil almaq hüququnu əlindən alır.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, elə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən bu il mayın 28-də qəbul edilən 74/275 saylı qətnaməyə uyğun olaraq 9 sentyabr tarixinin Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Günü elan edilməsi də məhz bununla bağlıdır.

Deputat bildirib ki, bununla əlaqədar olaraq Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb:

"Bəyanatda qeyd olunduğu kimi, Uşaq Hüquqları Konvensiyasının və onun Uşaqların Silahlı Münaqişələrə cəlb edilməsinə dair Əlavə Protokolun, habelə 1949-cu il Müharibə Qurbanlarının Müdafiəsi üzrə Cenevrə Konvensiyalarının tərəfdaşı olan Azərbaycan Respublikası qətiyyətlə və davamlı olaraq uşaq hüquqlarının səmərəli müdafiəsinin təmin edilməsinə və silahlı münaqişələrdən əziyyət çəkən uşaqların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş beynəlxalq səylərə dəstək verir".

Fikirlərini davam etdirən deputat qeyd edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın təhsil infrastrukturuna da ciddi ziyan dəyib:

"Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində 1107 təhsil müəssisəsi və 855 uşaq bağçası tamamilə məhv edilib. Ümumiyyətlə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüzminlərlə azərbaycanlı məktəbli silahlı münaqişədən bu gün də əziyyət çəkir. Bunu təsdiq etmək üçün yaxın tarixə nəzər yetirmək kifayətdir. Məlum olduğu kimi 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarında bir çox məktəb ciddi ziyan görüb, Ağdam rayonunun Sarıcalı kəndində 220 məktəblinin təhsil aldığı orta məktəb isə dağıdılıb".

Deputatın sözlərinə görə, Ermənistan eyni zamanda azərbaycanlı məktəblilərə və uşaqlara qarşı törətdiyi müharibə cinayətlərinə görə birbaşa məsuliyyət daşıyır:

"Ermənistan ötən illər ərzində azərbaycanlı əhaliyə qarşı silsilə etnik təmizləmələr həyata keçirib, nəticədə Xocalıda, Kəlbəcərin Ağdaban kəndində, Goranboyun Ballıqaya kəndində və digər yaşayış yerlərində xeyli sayda uşaqlar, məktəblilər öldürülüb. Eyni zamanda kimsəyə sirr deyil ki, öz təcavüzkar əməllərini davam etdirən Ermənistan həmçinin cəbhə xəttinə yaxın bölgələrdəki mülki əhalini, xüsusilə uşaqları intensiv olaraq atəşə tutur. Məhz düşmən ölkə əsgərlərinin dinc sakinləri atəşə tutması nəticəsində 2017-ci ildə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2016-cı il təvəllüdlü Zəhra Quliyeva qətlə yetirilib.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, azərbaycanlı məktəblilərə qarşı törətdiyi müharibə cinayətlərinə görə Ermənistan məsuliyyət daşıyır".

Deputat sonda əlavə edib ki, Təhsilin Hücumlardan Beynəlxalq Müdafiəsi Gününün məqsədinin həyata keçirilməsi kontekstində bütün günahkarların ədalət qarşısına çıxarılması vasitəsilə yuxarıda göstərilən cinayətlərin cəzasızlığına son qoyulması olduqca vacibdir:

"Bu konteksdə beynəlxalq birlik Ermənistana təzyiq göstərməli və işğalçı ölkə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətnamələrinin tələblərini yerinə yetirməli, onminlərlə azərbaycanlının təhlükəsiz təhsil almaq hüquqlarının həyata keçirilməsinə imkan yaratmalıdır".


Etiketlər:  Deputat Ermənistan Azərbaycanın təhsil infrastrukturuna ciddi ziyan vurub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ