Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-infeksionist: Qrip ciddi ağırlaşma və pnevmoniyaya səbəb olan virusdur

Həkim-infeksionist: Qrip ciddi ağırlaşma və pnevmoniyaya səbəb olan virusdur

Tarix: 13 Sentyabr 2020 20:15

Çox az xəstəlik var ki, ona qarşı peyvənd mövcuddur və qrip həmin xəstəliklərdən biridir. Peyvənd müalicə deyil. O, xəstəliyə yoluxmanın qarşısını almaq üçün tətbiq olunan bir vasitədir. Peyvəndin hazırlanması qaydasına gəlincə, qrip virusunun, yəni tibbi dildə desək, influenza virusunun kiçik bir hissəciyi orqanizmə daxil edilir ki, immun sistemi həmin virusla qarşılaşanda ona qarşı hazırlıqlı olsun. Biri var həmin virusu böyük miqdarda qəbul edərək xəstələnəsən, bir də var heç bir xəstəlik törətmə qabiliyyəti olmayan kiçik bir hissəcik orqanizmə yeridilərək özünü mübarizəyə hazırlayasan. Bunun nəticəsində ya həmin virusla xəstələnmə baş vermir, ya da çox yüngül əlamətlərlə keçir. Çünki peyvənd nəticəsində qanda virusa qarşı cavab reaksiyası yaranır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun infeksionisti Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə yeni növ koronavirus (COVID-19) infeksiyası da qrip kimi respirator virusun törətdiyi xəstəlikdir. Əlamətləri oxşar olduğundan onları ayırd etmək də çətindir. Lakin qrip keçirən xəstə həm də əlavə olaraq koronavirusa yoluxarsa, qrip zamanı onun immuniteti zəiflədiyindən onların birlikdə daha ağır fəsadı ola bilər. Təəssüf ki, hazırda koronavirusa qarşı peyvənd olmasa da, qrip əleyhinə var və ondan qoruna bilirik.

Mütəxəssis bildirib ki, qrip peyvəndi tam zərərsizdir. Hətta göstəriş olduqda hamilə qadınlara da vurula bilər. Qrip peyvəndinin qadağan olunduğu elə bir kateqoriya yoxdur. Lakin xüsusi qruplar var ki, onlara hər zaman daha diqqətlə yanaşmaq lazımdır. Həmin kateqoriyaya ürək-damar sistemi, şəkərli diabet, onkoloji və yanaşı xəstəlikləri olanlar, immunsupressiv müalicə alanlar və yaşı 50-dən yuxarı olanlar aid edilir.

"Peyvəndlərin funksiyası orqanizmdə immun sistemini hazırlıqlı vəziyyətə gətirib anticisimlər istehsal etməkdir. Təəssüf ki, bütün peyvəndlərdə anticisimlər eyni miqdarda istehsal olunmur. Bəzi xəstəliklər var ki, peyvənd ediləndən sonra orqanizm ömürlük immunitet qazanır və yoluxma baş verəndə onu həmişəlik qoruyur. Lakin qrip peyvəndində belə deyil. Qrip virusunun növləri hər il dəyişir. Ona görə də virusa yoluxmamaq üçün hər il mütləq şəkildə peyvənd təkrarlanmalıdır. Hər il istehsal olunan peyvəndlər bir il əvvəlki qrip virusunun ən çox yayılmış növlərinə uyğun olaraq istehsal olunur. Ümumi epidemioloji vəziyyəti və yoluxma hallarını təhlil edəndə qrip peyvəndinin xəstəliyə yoluxma sayını azaltdığı müşahidə etmək mümkündür. Həmin peyvənd kifayət qədər qoruyucudur. Bəzi vətəndaşlar peyvənd olunsa da, xəstələndiyini güman edir. Lakin bu, o heç də həmin qrip virusu ilə xəstələnmə demək deyil. Qızdırma, öskürək, burun axıntısı kimi eyni əlamətlərlə təzahür edən onlarla virus var. Yəni bir neçə virus xəstəliyi var ki, hər kəs ona yoluxa bilər və həmin oxşar əlamətlərlə qripi səhv sala bilər.

Peyvənd edilən nahiyədə qızartı və yüngül reaksiya ola bilər. Həmçinin həmin gün 37-37,5°C hərarət müşahidə edilə və bununla da ötüb keçə bilər. Əvəzində isə xəstəlik heç bir ağırlaşmaya səbəb olmaz.

Dünyada peyvənd istehsal edən şirkətlərin sayı çox deyil və onu bütün ölkələrdə istehsal etmirlər. Bu sahədə bir neçə lider ölkə var ki, peyvəndlər onlardan alınır. Beynəlxalq vəziyyət nəzərə alınaraq onların istehsal etdiyi peyvəndlər dünyada ən çox yayılmış ştamları özündə birləşdirir.

Qrip xəstəliyi gənclərdə nisbətən yüngül, xüsusi əlamətləri və ağırlaşma halları olmadan keçə bilər. Lakin influenza virusunun keçirilməsinə əminlik olmalıdır, çünki digər respirator viruslar daha çox yüngül hərarət, bir neçə gün davam edən halsızlıqla özünü büruzə verir. Qrip isə daha ağır xəstəlikdir, yoluxma zamanı yüksək hərarət və əzələ-oynaq ağrıları qeydə alınır. Gənclərdə ağırlaşma halları az olsa da, onlar əmək fəaliyyətindən geri qalırlar. Xəstəliyə yoluxanlar arasında elələri olur ki, onlar əmək fəaliyyətləri ilə əlaqədar hər gün işə çıxmalıdırlar. Belə halda qorunmaq üçün peyvəndə müraciət edilməsi məsləhətdir. Bununla yanaşı risk qrupunda olanlarda xəstəlik ağırlaşmaya səbəb ola bilər. Onların mütləq şəkildə peyvənd edilməsi tövsiyə olunur. Qrip ciddi ağırlaşma və pnevmoniyaya səbəb olan virusdur və uşaqlarda da ağır fəsadlara səbəb ola bilər".

Həkim-infeksionist peyvəndin vurulma vaxtını xatırladaraq fikrini yekunlaşdırıb: "Oktyabrdan peyvənd vurulmasına başlamaq olar. Peyvənd vurulandan iki həftə sonra öz təsirini göstərməyə başlayır. Kəskin respirator xəstəliklərin, o cümlədən qrip virusunun yaza qədər müşahidə olunduğunu nəzərə alsaq, fevral ayına qədər peyvənd vurdurmaq mümkündür. Yaz-yay aylarında peyvənd olunmaq tövsiyə edilmir".


Etiketlər:  Həkim infeksionist Qrip ciddi ağırlaşma pnevmoniyaya səbəb olan virusdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ