Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2020 11:30
Təəssüf ki, bu proses hələ də davam edir.
Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Livandan Qarabağa və ətraf rayonlara erməni ailələrinin, terrorçuların qeyri-qanuni şəkildə köçürülməsini həmsədrlərin sakit izləməsi prosesini şərh edərkən deyib.
Politoloq bildirib ki, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi vəziyyəti daha da gərginləşdirir:
"Bu, bu gün və ya dünən başlamayan bir prosesdir. Suriyadan, İraqdan da erməniləri işğal etdikləri Azərbaycan torpaqlarına köçürürdülər. İndi də ora Livandan erməniləri köçürürlər və çox təəssüf ki, beynəlxalq təşkilatlar, böyük dövlətlər bu prosesə səssiz qalırlar. Halbuki Livandan ermənilərin, o cümlədən terrorçuların köçürülməsi vəziyyəti daha da gərginləşdirir. Çünki onları birbaşa işğal atındakı torpaqlarda - Şuşada, Laçında, Kəlbəcərdə yerləşdirirlər.
Halbuki, həmsədrlərin planlarına görə, bu bölgələr boşaldılmalı və azərbaycanlılar öz torpaqlarına geri dönməlidirlər. Amma ermənilər təxribatlarını davam etdirirlər, hətta bununla bağlı görüntülər hazırlayıb internetdə paylaşırlar. Bu, o deməkdir ki, öz məntiqlərinə görə, Dağlıq Qarabağ ətrafındakı rayonları da boşaltmaq istəmirlər".
Elxan Şahinoğlu qeyd edib ki, ermənilərin təxribatlarının qarşısını alan heç bir beynəlxalq təşkilat yoxdur:
"Beynəlxalq təşkilatlardan isə bu məsələyə görə heç bir səs çıxmır. Həmsədrlər də bu prosesə əngəl olmaq istəmirlər. Dünən bir açıqlama veriblər. O açıqlamada bu məsələyə heç toxunulmayıb, bu barədə bir cümlə belə yoxdur.
Bunun özü yenə hərbi toqquşmaya aparır. Ermənilərin təxribatlarının qarşısını alan heç bir beynəlxalq təşkilat yoxdur. Biz illərdir bu prosesi gündəmə gətirməyə çalışsaq da, çox təəssüf ki, qarşısını da ala bilmirik. Demək, bunun yeganə yolu özümüzdən asılıdır. Özümüz bu məsələni həll etməsək, kimsə bizim əvəzimizə Dağlıq Qarabağa qeyri-qanuni köçün qarşısını ala bilməyəcək".
Təhməz Əsədov