Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2020 17:06
"Yumşalmaya gedilən dönəmdən deyirik ki, indi yoluxma riski daha yüksəkdir. Çünki təmas riski daha da artdığına görə, təkrar yoluxma halları yüksələ bilər".
Bunu Sonxeber.net-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib.
İşçi qrupunun rəhbəri bildirib ki, iyuldakı kimi yoluxma sayı artarsa, yenidən karantin rejimi sərtləşdirilə bilər:
"Avropanın bir çox ölkələrinin düşdüyü aqibəti biz də yaşaya bilərik, belə bir risk var. O zaman karantin rejimi yenidən sərtləşdirilə bilər. Yoluxmada artım olarsa onda monitorinq aparılacaq, iyuldakı hadisələr yenidən təkrarlanarsa, yenidən karantin rejimində sərtləşdirilməyə gedilə bilər. Mövcud vəziyyət daha dəqiq dəyərləndirildikdən sonra, gündəlik yoluxma halları bu qərara təsir göstərə bilər. Ümumiyyətlə, mövcud vəziyyət xəstəliyin ağırlaşmasına mənfi təsir göstərə bilər. O baxımdan epidemioloji vəziyyət dəyərləndirildikdən sonra qərar veriləcək".
İnfeksionist qeyd edib ki, Avropanın aqibətini yaşamamaq üçün yumşaldılmalar əhalidə arxayınlıq yaratmamalıdır:
"Ölkəmizdə ikinci dalğanın baş verməməsi üçün ancaq fərdi məsuliyyət artırılmalıdır. Çünki dövlət öz üzərinə düşəni edib. Ehtiyac yaranacağı təqdirdə, məcbur qalınacağı təqdirdə təkrar sərtləşdirməyə gediləcək. Hazırda yumşaldılma dönəmində yeganə məsuliyyət ancaq fərdi məsuliyyətdir. O da vətəndaşların üzərinə düşür. Daha da qaydalara ciddi əməl etməlidirlər, diqqətli olmalıdırlar, arxayınlaşmamalıdırlar. Yumşaldılmaların olması əhalidə arxayınlıq yaratmamalıdır".
Qeyd edək ki, Azərbaycandan daha erkən yumşalmaya gedən Avropa və dünyanın bir çox ölkələrində epidemioloji vəziyyət getdikcə pisləşir. Daha erkən yumşalmaya gedən Gürcüstan, İsrail, Avstriya, Çexiya və başqa ölkələrdə yoluxma halı sürətlə artır. Hətta İsrail hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sentyabrın 17-dən məktəblərdə dərslərin dayandırılmasına qərarı verib. Son günlərdə koronavirusa yoluxma sayında yenidən artım yaşanan Türkiyədə karantin qaydaları yenidən sərtləşdirilib.
Təhməz Əsədov