Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Sentyabr 2020 08:15
Sentyabrın 18-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlu Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini onun təklifi əsasında qəbul edib.
Azərbaycanın Rusiyadakı Səfirliyinin mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, qubernator keçən il dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq ölkə başçımızın Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlığın inkişafına daim dəstək verdiyini bildirib və bütün sahələrdə əlaqələrin genişləndirildiyini, o cümlədən hava və dəmir yolu nəqliyyatı, eləcə də gəmiqayırma sahələrində işlərin aparıldığını vurğulayıb.
Səfir Polad Bülbüloğlu Azərbaycanın Həştərxan vilayəti ilə münasibətlərin daim müsbət olduğunu, tarixi köklərə və qarşılıqlı etimada əsaslandığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu əməkdaşlığın daha da dərinləşdirilməsinə xüsusi önəm verdiklərini qeyd edib, onların Həştərxan vilayəti qarşısında xidmətlərinə görə bu vilayətin rəhbərliyi tərəfindən ordenlərlə təltif edildiklərini xatırladıb.
Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyi tərəfindən Həştərxanda bir çox layihələrin reallaşdırıldığını qeyd edərək Həştərxan şəhəri ilə Bakı şəhərinin Nərimanov rayonu arasında dostluq əlaqələrinin mövcudluğunu vurğulayıb. Həmçinin, səfir bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanın gözəl məkanına çevrilmiş parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə abidənin ucaldılması, Həştərxanda müqəddəs knyaz Vladimirin abidəsinin qoyulması, uşaq bağçasının və məktəbin əsaslı təmiri ikitərəfli münasibətlərin yüksək səviyyəsinin əyani göstəricisidir.
İqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da yüksək səviyyəyə çatdırılması üçün böyük potensialın mövcud olduğunu deyən diplomat, Azərbaycan-Rusiya Regionlararası Forumunun yaratdığı imkanlardan tam şəkildə yararlanmağın önəmini qarşı tərəfin diqqətinə çatdırıb .
Polad Bülbüloğlu iyul hadisələri ilə bağlı bölgədə yaranmış vəziyyət barədə həmsöhbətini tam şəkildə məlumatlandırıb.
Qubernator İqor Babuşkin ətraflı məlumata və maraqlı müzakirələrə görə təşəkkürünü ifadə edərək, Həştərxanın sıx əməkdaşlığa hazır olduğunu bir daha təsdiq edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.