Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2020 17:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətini, təcavüzkar mahiyyətini faktlar əsasında və mövcud reallıqlar fonunda ifşa etdi, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Dövlətimizin başçısı BMT-ni, bütövlükdə beynəlxalq birliyi Ermənistanın işğalçı siyasətinə son qoymaq üçün konkret və qətiyyətli əməli tədbirlər görməyə, təcavüzkar dövlətin təxribatçı hərəkətlərinə seyrçi qalmamağa çağırdı.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, ümumiyyətlə, Prezident İlham Əliyevin toxunduğu məsələlər təkcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində deyil, həm də regional və beynəlxalq təhlükəsizlik problemi baxımından mühüm aktuallığa və əhəmiyyətə malikdir:
"Dövlət başçısı Azərbaycan da daxil olmaqla, beynəlxalq ictimaiyyətin diqqətinin Beyrutdakı partlayışın fəsadlarının aradan qaldırılmasına yönəldiyi bir vaxtda Ermənistanın vəziyyətdən sui-istifadə edərək ölkəmizin işğal edilmiş ərazilərinə erməni əsilli livanlıları yerləşdirməklə məşğul olmasını xüsusi olaraq diqqətə çatdırdı, qanunsuz məskunlaşdırmanın hüquqi qüvvəsinin olmadığını qətiyyətlə vurğuladı.
Həqiqətən də, Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni məskunlaşdırma aparılması faktiki olaraq müharibə cinayətidir. Bu addım işğal edilmiş ərazilərdə demoqrafik strukturu dəyişdirmək, həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular olaraq istifadə etmək məqsədini güdür, həmçinin dövlət sərhədimizin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr zamanı fiaskoya uğramış erməni siyasətinin növbəti təxribat və yeni hərbi avantürizmə hazırlaşmasından xəbər verir.
Görünən odur ki, işğalın nəticələrini legitimləşdirmək və status-kvonu qoruyub saxlamaq niyyətində olan Ermənistanın məqsədi sülh danışıqları prosesini tamamilə fiaskoya uğratmaqdır. Ona görə də beynəlxalq ictimaiyyət, xüsusilə də ATƏT-in Minsk qrupu bu məsələyə xüsusi diqqət yetirməli, hətta işğalçı dövlətə qarşı sanksiya tələb olunmalıdır. Beynəlxalq qanunvericilik bazası və beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqdan çəkindirmək məqsədilə müxtəlif ölkələrə qarşı sanksiya tələb olunması nümunələri mövcuddur. Xüsusilə də nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt məhdudiyyəti yoxdur, onlar icra edilənə qədər qüvvədədir. Hazırkı mənzərə BMT-nin nüfuzunu sarsıdır, o səbəbdən Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmləri yaradılmalıdır. Qətnamələrin icra olunmadığı təqdirdə, sanksiya mexanizmi işə salınmalıdır. Prezident İlham Əliyev bəhs olunan çıxışı zamanı daha bir zəruri məsələni diqqətə çatdırdı.
Bu, Ermənistanın işğal altındakı ərazilərdə Azərbaycan xalqının milli-mədəni irsini məhv etməsi, Azərbaycanın təbii sərvətlərini qeyri-qanuni istismar etməsidir. Uzun müddətdir ki, bu fakt mövcud olduğu halda, beynəlxalq təşkilatların məsələyə laqeyd münasibəti ciddi təəssüf doğurur. Hazırkı şəraitdə bəhs olunan hal ilə əlaqədar ATƏT-in faktaraşdırıcı missiyasının təşkil olunması zərurətdir. Çünki dövlətimizin başçısının diqqət çəkdiyi reallığa, açıqlanan faktlara biganə münasibət göstərilməsi yolverilməzdir. Loyal münasibət, eyni zamanda, Ermənistanı yeni qeyri-qanuni və cinayət əməllərinə təşviq etmək, həvəsləndirməkdir. Xüsusi olaraq nəzərə almaq lazımdır ki, ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasının və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESKO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. Eyni zamanda, Azərbaycanın təbii ehtiyatlarını qanunsuz istismar edən beynəlxalq şirkətlər qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmalıdırlar. Əks halda, onlar beynəlxalq hüquq normalarının tələblərinə müvafiq surətdə hüquqi məsuliyyətlə üzləşəcəklər".
Deputat vurğulayıb ki, bütövlükdə, Prezident İlham Əliyev sözügedən çıxışı zamanı Azərbaycanın qətiyyətli mövqeyini bir daha diqqətə çatdırmaqla milli maraqlarımızkn qorunması, ərazi bütövlüyümüzün bərpa olunması məsələsində prinsipiallıq nümayiş etdirdi:
"Ümumiyyətlə, Ermənistanın məqsədinin işğal ilə bağlı cari status-kvonu qorumaq və işğal edilmiş ərazilərin ilhaqına nail olmaq olduğunun BMT-nin tribunasından vurğulanması xüsusi əhəmiyyətə malikdir. Dünya ictimaiyyətinin siyasi yaddaşı bir daha yeniləndi, növbəti dəfə məlum oldu ki, hazırkı şəraitdə, qeyd etdiyimiz kimi, işğalçı Ermənistana qarşı təsir və təzyiqlər gücləndirilməli, adekvat addımlar atılmalıdır. ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - Rusiya, Fransa və ABŞ prezidentlərinin bəyanatlarında status-kvonun qəbuledilməz olduğu vurğulansa da, yetərli deyil, çünki real addımlar atmadan münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyil. Birmənalı olaraq nəzərə almaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq!"