Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2020 15:18
ABŞ-ın Bakıdakı və Yerevandakı səfirlikləri Birləşmiş Ştatlar vətəndaşlarını Ermənistan-Azərbaycan sərhədindən və Dağlıq Qarabağ istiqamətindəki təmas xəttindən uzaq durmağa çağırır.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, ABŞ-ın Yerevandakı səfirliyinin yaydığı xəbərdarlığa əsasən Birləşmiş Ştatlar vətəndaşları Ermənistanda Dilican milli parkından şimala, Tavuş vilayətində Gürcüstanla sərhədə, habelə Dağlıq Qarabağa səfərlərdən çəkinməlidir.
Bəyanatda deyilir ki, səfirlik sərhəddəki situasiyanın inkişafını izləyəcək və bu haqda öz vətəndaşlarına əlavə məlumat verəcək.
ABŞ-ın Bakıdakı səfirliyinin ötən gün sentyabrın 25-də yaydığı analoji xəbərdarlıqda isə deyilir ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə əlaqədar olaraq Birləşmiş Ştatların vətəndaşları xüsusi zərurət olmadıqda Abşeron yarımadasının hüdudlarını tərk etməməli və ölkənin digər regionlarına səfərlərdən çəkinməlidirlər. Vətəndaşlara tövsiyə edilir ki, hadisələrin istənilən inkişafına dair Azərbaycanın yerli xəbərlərini izləsinlər. Səfirlik ABŞ vətəndaşlarından ictimai yerlərdə ehtiyatlı olmağı və istənilən publik toplantılardan uzaq durmalarını da istəyir. Bildirilir ki, səfirlik hadisələrin inkişafını izləyəcək və təhlükəsizliklə bağlı zərurət yarandıqda əlavə informasiyalar verəcək.
Xatırladaq ki, Prezident İlham Əliyev son çıxışlarında Ermənistanın təmas xətti boyu əlavə qüvvələr cəmləşdirdiyini və yeni hərbi təcavüzə hazırlaşdığını bəyan edib. Dövlət başçısı xəbərdarlıq edib ki, düşmənin istənilən təcavüzünə sərt cavab veriləcək.