Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 10:20
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanda məhkəmə sisteminin müstəqilliyi təmin edilir. Bunun üçün qanunverici baza da təkmilləşdirilir.
Trend-in məlumatına görə, bunu Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Azərbaycanda məhkəmə sisteminin səmərəliliyinin və keyfiyyətinin artırılması” adlı yeni layihənin təqdimat konfransında Azərbaycan Ədliyyə nazirinin müavini Azər Cəfərov deyib.
A.Cəfərov qeyd edib ki, hökumət islahatları həyata keçirərkən Avropa dövlətlərinin təcrübəsinə istinad edir.
"Yeni layihənin müddəaları Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" fərmanı ilə üst-üstə düşür. Azərbaycan hökuməti bu istiqamətdə addımlar atmağa hazırdır".
Nazir müavini əlavə edib ki, Azərbaycanda məhkəmə sisteminin müasir inkişaf tarixinin böyük hissəsi, ədalət mühakiməsinin effektivliyi Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası ilə (CEPEJ) əməkdaşlıq dövrünə düşür. Bu dövrdə qanunvericiliyə daha demokratik ruhlu, prosedurları daha çox şəffaf edən düzəlişlər edilib.
O bildirib ki, hakimlər, məhkəmə aparatı işçiləri, vəkillərin sayı artırılıb, onların maddi və sosial müdafiəsi gücləndirilib, məhkəmələrin büdcəsi daha da möhkəmləndirilib. Bu proses bu gün də davam edir.
A.Cəfərov qeyd edib ki, islahatlar bir çox hallarda Avropa Şurasının digər dövlətlərdə məhkəmə sistemi ilə bağlı CEPEJ tərəfindən həyata keçirilən layihələrin kəmiyyət və keyfiyyət göstəricilərinin təhlilinə əsaslanılıb:
"Məhkəmə vaxtının səmərəli təşkili və düzgün bölüşdürülməsi, bəzi kateqoriyadan olan mübahisələrin məhkəmədənkənar alternativ yollarla həlli bu məsələlərin sırasındadır. Yeni layihəyə məhkəmə sisteminin təkmilləşdirilməsi işinin davamı kimi baxmaq lazımdır. Layihənin nəzərdə tutduğu məqsədlərin bir qismi dövlət başçısının fərmanı və çağırışları üst-üstə düşür. Ümidvarıq ki, layihənin uğuruna nail olacağıq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin