Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Sentyabr 2020 12:51
Ali Baş Komandan və xalq birliyinin qarşısında Ermənistan ordusu da, Müsavat-AXCP cütlüyü də acizdir
Bu günlərdə biz tarixi günlərə, anlara şahidlik edirik. Sentyabrın 27-i hər bir azərbaycanlı tərəfindən böyük qələbəyə aparan başlanğıc tarixi kimi qəbul olunur. Hər kəs bir yumruq kimi birləşib, ürəklərimiz eyni anda döyünür, cəbhədən gələn ən kiçik xəbəri belə səbirsizliklə gözləyir, Qələbə sevinci ilə yanıb tutuşuruq. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr xalqımız tərəfindən böyük sevinclə və ruh-yüksəkliyi ilə qarşılanır. Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız, eləcə də qardaş Türkiyənin vətəndaşları bu nailiyyətlərə görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.
Bundan əlavə, təqdirəlayiq məqam ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən 52 siyasi partiyadan 50-si Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi genişmiqyaslı təxribata dair birgə bəyanat yaydı və dövlətin ümumi maraqlarının qorunması, eyni zamanda cənab Prezidentin şəhidlərimizim qanlarının yerdə qalmaması istiqamətində atdığı addımları dəstəkləmək məqsədilə birlik nümayiş etdirdi. Bu birlik sadəcə xalq və hökumət həmrəyliyindən xəbər vermir, eyni zamanda Azərbaycanda siyasi birliyin mövcudluğundan xəbər verir. Bu birlik və vəhdət ictimaiyyət tərəfindən də müsbət qarşılandı və dövlətin təməl prinsiplərinin rəhbər tutulması xalqımızı daha da sevindirdi. Belə ki, bu məsələdə hər kəs şəxsi maraqlarından əl çəkməlidir. Təəssüflər olsun ki, Müsavat və AXCP cütlüyü Vətənimizin ağır günündə də digər siyasi partiyalara ilə eyni mövqedən çıxış etmədi və onlara dəstək vermədi. Bu isə onların səmimi olmadıqlarını və əsil simalarını bir daha üzə çıxartdı. Bu insanlar ümummilli dəyərlərə sahib çıxmadılar, yenə də düşmən dəyirmanına su tökdülər. Ali Baş Komandanın yanında olmaq əzmini göstərə bilmədilər. Faktiki olaraq müharibə getdiyi bir zamanda, hər kəsin tək arzusunun və istəyinin Qarabağ olduğu bir vaxtda bu iki siyasi partiya nəinki Ali Baş Komandan ilə həmrəylik nümayiş etdirə bilmədi, eyni zamanda xalqımızın istəklərini, siyasi iradəsinin əksinə getdi. Düşünürəm ki, bu qədər həssas bir məqamda, hər kəsin tək dərdinin Qarabağ olduğu bir vaxtda birlik nümayiş etdirməyən, haqlı savaşımıza, haqq səsimizə səs verməyən bu iki-Müsavat və AXCP partiyalarının dərdi Qarabağ dərdi deyil. Azərbaycan siyasi mühitinə nifrət, siyasi intriqa toxumları səpən bu insanların tək dərdi var: nəyin bahasına olursa olsun hakimiyyətə gəlmək. Onların bu addımı haqlı savaşımızda xalqın arzu və istəklərini maraqlandırmadığından, Ali Baş Komandanın iradəsinə və xalqın istəklərinə qarşı getdiyindən və Qarabağ arzumuzu ayaq altında qoymağa belə hazır olduqlarından xəbər verir.
Hal-hazırki Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Başımızda duran Prezidentimiz də tamamilə fərqlidir, qətiyyətlidir, xalqını düşünən, onun istəklərini, torpaq nisgilini, həsrətini başa düşən və bu həsrətin bitməsi istiqamətində əlindən gələn hər şeyi edən əzmli liderdir. Mövcud vəziyyət də ondan xəbər verir ki, xalqımız Ali Baş Komandanın ətrafında sıx birləşib, bu birliyin qarşısında həm Ermənistan ordusu, həm də Müsavat-AXCP cütlüyü aciz vəziyyətdədir. Bu birliyi pozmağa heç bir güc qadir deyil! Yaşasın Ali Baş Komandan, Azərbaycan xalqı və Şanlı Azərbaycan Ordusu!
Politoloq Şəbnəm Həsənova