Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri seçildi

Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri seçildi

Tarix: 29 Sentyabr 2020 14:52

Sentyabrın 29-da Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) növbədənkənar VIII qurultayı işə başlayıb. Qurultayda Şuranın üzvləri, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları iştirak edirlər.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, qurultaya sədrlik edən Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov əvvəlcə rəşadətli Azərbaycan Ordusunun Ermənistan silahlı birləşmələrinə qarşı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının vətəndaşlarımızda qələbə əzmini, ruh yüksəkliyini daha da artırdığını və hər kəsin əsgərlərimizin yanında olduğunu bildirib.

Şuranın ötən qurultaydan sonra vəfat etmiş sədri Fəttah Heydərovun, eləcə də digər şura üzvlərinin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gündəliyə uyğun olaraq, əvvəlcə AAŞ-ın yeni redaksiyada işlənmiş nizamnaməsi səsə qoyularaq təsdiqlənib.

Daha sonra çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev qurultay iştirakçılarına dövlət başçısı İlham Əliyevin salamlarını çatdırıb.

Ədalət Vəliyev sentyabrın 27-dən başlayaraq cəbhədə törədilən erməni təxribatından danışıb, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib.

Çıxışlarda Milli Məclisin deputatı, professor Eldar Quliyevin böyük təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olduğu vurğulanıb, Azərbaycan Ağsaqqallar Şurasının sədri vəzifəsinə onun namizədliyi irəli sürülüb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çıxışında son günlər doğma torpaqlarımızın erməni işğalından azad olunması uğrunda haqq mücadiləmizdə qazandığımız zəfərlərə Uca Allahdan rəvac diləyib, Vətən uğrunda Uca Yaradanın nəzərində ən uca mərtəbə olan şəhidlik zirvəsinə yüksələn qəhrəman övladlarımıza Allah-Təaladan rəhmət diləyib. Allahşükür Paşazadə Şuşa məscidindən azan səsinin eşidiləcəyi günü səbrsizliklə gözlədiyini vurğulayıb. O, E.Quliyevin qarşıda duran vəzifələri uğurla yerinə yetirəcəyinə əminliyini bildirib.

Milli Məclisin deputatları Eldar İbrahimov, Ziyad Səmədzadə və Əhliman Əmiraslanov çıxışlarında ağsaqqallarımızın cəmiyyətdəki rolundan danışıb, AAŞ sədri vəzifəsinə E.Quliyevin namizədliyini dəstəklədiklərini qeyd ediblər.

Eldar Quliyevin AAŞ sədri vəzifəsinə təsdiqlənməsi təklifi səsə qoyulub və qəbul olunub.

AAŞ-ın yeni sədri çıxış edərək ona göstərilən etimada görə minnətdarlığını bildirib.

Qurultay işini davam etdirir.


Etiketlər:  Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının sədri seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ