Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2019 23:45
Bakı. Trend:
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 21 illik "Kontrabas"la festivallara hazırlaşır.
Teatrdan Trend-ə verilən məlumata görə, 1998-ci ildə səhnəyə qoyulan bu əsər 21 il ərzində yüzlərlə festivalda iştirak edib, qalib olub.
Bu dəfə isə tamaşa 14-18 avqust 2019-cu il tarixində Rusiya Federasiyasının Kineşma şəhərində keçiriləcək "Островский - FEST" Beynəlxalq Teatr festivalına dəvət alıb. Yerli teatrlardan əlavə daha 6 ölkənin - Azərbaycan, Moldova, Ukrayna, İsrail, İsveçrə, Norveçin iştirak edəcəyi festival kifayət qədər nüfuz qazanıb.
Avqustun 28, 29 və 30-da isə ABŞ -ın Boston şəhərində teatr festivalına qatılacaq.
Əməkdar artist Şövqi Hüseynov bu Festivallarda da uğur qazanacağına inandığını bildirib: “Bilirsiz ki, bu tamaşa ölkəmizə, mədəniyyətimizə uğur gətirib, bir çox mükafatlara layiq görülüb. Azərbaycan və rus dilində oynanılır. İndiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlar alıb. Avqust ayında baş tutacaq iki böyük festivalda da uğur qazanacağımıza inanıram".
Xatırladaq ki, əsərin müəllifi Patrik Züskind, mono-tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatçısı, mərhum rejissor İrina Perlovadır.
1 saat davam edən tamaşanın süjet xətti ensiklopedik biliklərə malik qəhrəmanın həyatda çox sadə mövqe sahibi olmasıdır. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanın yeganə ünsiyyət vasitəsi kontrabasdır. Əsərin qəhrəmanının sevgilisi ilə dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyəttin ən maraqlı fikir ötürümü bundan ibarətdir ki, insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin