Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2020 14:06
Bakı. Elçin Mehdiyev - Trend:
Koronavirusla əlaqədar dünya ölkələrində vəziyyət yenidən pisləşib, hətta bəzi ölkələrdə nəzarətdən çıxaraq ciddi təhlükəyə çevrilib.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, təbii ki, Azərbaycanda dünyanın bir parçası kimi virusun təsirinə məruz qalmaqdadır: “Ötən gün ölkəmizdə 530 yeni yoluxma aşkar edildi. Bu rəqəm hər birimiz üçün ciddi bir siqnal olmalıdır. Virusun yoluxma sayının artmasının qarşısının alınmasında hər bir vətəndaş mütləq şəkildə üzərinə düşən məsuliyyəti dərk etməli və qaydalara ciddi riayət etməlidir.
Xüsusilə biz bu gün həssas və eyni zamanda qələbə dolu, sevincli günlər yaşayırıq, şanlı ordumuz düşmənə qalıb gələrək torpaqlarımızı işğaldan azad edir. Belə bir dönəmdə virusun artmasının ordumuzun qələbələrinə təsir eməsinə heç cür imkan verə bilmərik. Məlumdur ki, bu gün həkimlərimizin, tibb işçilərimizin də bu qələbələrin əldə olunmasında öz payı var, onlar cəbhənin qaynar nöqtələrində yaralı əsgər və zabitlərimizə xidmət edir, onların qulluğunda dayanırlar.
Belə bir dönəmdə virusun kəskin yayılması ikinci cəbhənin açılması, həkimlərimizin yükünün xeyli artması deməkdir. Biz ordumuza dəstək olduğumuz kimi, qələbə uğrunda birlik və həmrəylik nümayiş etdirdiyimiz kimi koronavirusla mübarizə də birlik və həmrəylik nümayiş etdirməliyik ki, qələbələrimiz davamlı olsun və işğal altında olan torpaqlarımız tam azad olunsun. Əsgər və zabitlərimiz ön cəbhədə canlarını fəda edib torpaqlarımızı azad edirlər, biz də burada virusla mübarizədə həmrəylik nümayiş etdirib ordumuza, qələbəmizə dəstək olmalıyıq”.
Deputat həmçinin insanları həbçilərlə sıx təmasda olmaqdan çəkinməyə çağırıb:
“Bəllidir ki, bu gün xalq olaraq ordumuza dəstək göstəririk, əsgərlərimizə sovqatlar aparırıq. Ancaq bu məsələdə diqqətli olmalıyıq, hərbçilərimizlə sıx təmasda olmaqdan çəkinməliyik ki, onları virusdan qoruyaq. İnanıram ki, xalqımız bu məsələdə də birlik nümayiş etdirərək hər iki cəbhədən qalib çıxacaq”.