Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2020 07:16
Bakı. Trend:
Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə, yaşayış evlərinə düşən raketlər həmin evləri tamamilə dağıdıb, sakinlər dağıntılar altında qalıb.
"Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Bu vaxta qədər dağıntılar altından xəsarət almış 40-dan artıq insan və 12 nəfərin meyiti çıxarılıb.
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur", - deyə xəbərdə qeyd edilir.