Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Oktyabr 2020 17:33
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov ilə videokonfrans formatında görüşü olub. Görüşdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisinin İnsan Hüquqları üzrə Milli Müşaviri Kamran Bağırov da iştirak edib.
Ombudsman Aparatından Sonxeber.net-a bildirilib ki, görüş zamanı Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında prioritet əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Müvəkkil daha sonra BMT rəsmisini 2020-ci ilin sentyabr ayının sonlarından etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə hucuma keçdiklərini, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhə xətti boyunca, həm də, cəbhə xəttindən uzaqda yerləşən rayonlarında yaşayan mülki şəxsləri və obyektləri ağır artilleriya atəşinə məruz qoyduğunu, nəticədə çoxsaylı insan tələfatı və dağıntıların olduğunu diqqətə çatdırıb.
S. Əliyeva Ermənistanın Azırbaycana yönəlik son təcavüzü nəticəsində beynəlxalq hüquq norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu, beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan mülki şəxslərin və obyektlərin atəşə tutulduğunu, nəticədə dinc sakinlər, xüsusilə, uşaqlar, qadınlar, ahılları əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər arasında çoxlu sayda tələfat və yaralanma hallarının baş verdiyini, mülki evlərin, tarixi və mədəni abidələrin, inzibati binaların, təhsil müəssisələrinin, uşaq bağçalarının, xəstəxanaların və sosial obyektlərin dağıdıldığını diqqətə çatdırıb.
Görüşdə Müvəkkil baş vermiş erməni təcavüzü və pozulmuş insan hüquq və azadlıqlarının bütün dünyaya çatdırılması məqsədilə müxtəlif bəyanatlar verdiyini, təcavüzdən zərər görmüş yerlərdə faktaraşdırıcı missiyalar həyata keçirdiyini və toplanmış dəlillər əsasında hazırladığı geniş hesabatların müvafiq beynəlxalq təşkilatlara, o cümlədən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərildiyini qeyd edib.
Müvəkkil bütün beynəlxalq təşkilatları bu məsələyə biganə yanaşmamağa, susqunluq nümayiş etdirməməyə çağırıb. Qeyd olunub ki, beynəlxalq təşkilatlar tərəfindən susqunluq və loyal münasibətin göstərilməsi təcavüzkar ölkə olan Ermənistanın yeni yeni müharibə cinayətləri törətməsinə səbəb olur.
Müvəkkil Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin nəticələrini yerində müşahidə etmək üçün BMT rəsmisini Azərbaycana dəvət edib.
V. Şkolnikov öz adından və təmsil etdiyi qurumun adından mülki əhalinin yaşadıqları Azərbaycanın şəhər və rayonlarına atılmış raket zərbələri nəticəsində baş vermiş böyük insan tələfatından dərin təəssüf hissi keçirdiklərini və Ombudsmanın ona verdiyi bütün məlumatları BMT-nin əlaqədar qurumlarına çatdıracağını bildirib.