Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2020 16:38
"Azərbaycanda COVİD-ə yoluxanların sayının rekord həddə çatması sərt karantin rejiminin yenidən tətbiqinə səbəb ola bilər".
Bunu Sonxeber.net-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
İnfeksionist bildirib ki, Operativ Qərargah bununla bağlı ciddi monitorinq keçirib, dərhal qərar verməlidir:
"Yoluxmanın qarşısını hansı yolla da olsa almalıyıq. Birinci yol təbii ki, insanların fərd məsuliyyəti məsələsidir, amma yüzdə-yüz buna güvənmək olmaz. Çünki biz nə qədər marifləndirsək də, çağırışlar etsək də, insanlarda bir arxayınlaşma yaranır. Təbii ki, xalqın da daha çox diqqəti ön cəbhəyə yönlədiyinə görə biz bir az koronavirus adlı düşməni unutduq. Fakt, nəticələr də ortadadır. Ancaq bu dönəmdə karantin rejimi ilə əlaqədar bəzi tədbirlər görüldü, metro, məktəblər bağlandı. Amma bu, yenə də yoluxmanın qarşısını almaq üçün yetərli olmayacaq. Yoluxma yüksəlişə doğru gedəcək. Biz ciddi olaraq qoyulan tələbləri, zəruri tədbirləri - maskanın taxılması, ara məsafəsinin gözlənməsi qaydalarına ciddi şəkildə riayət etməliyik və riayət etməyən insanları ciddi nəzarətə götürməliyik. Əks halda cəza tədbirləri qüvvəyə minə bilər. Düşünürəm ki, ilkin olaraq bu versiya daha uyğun olar ki, insanlar bu tələbləri yerinə yetirmək üçün ciddi nəzarət mexanizmi qurulsun.
Bizim səhv etməyə ixtiyarımız və zamanımız yoxdur
Bir çox iaşə obyektələrinin yenidən bağlanması məsələsinə gəlincə, mən hər bir yöntəmlə koronavirusun Azərbaycanda yayılmasının qarşısının alınmasının tərəfdarıyam. Bu, istər sərt karantin rejiminin tətbiqi ola bilər, istər ciddi nəzarət ola bilər, istər insanların fərdi məsuliyyətə güvənərək maarifləndirici işlər ola bilər. Bunlar təbii ki, kompleks şəkildə tətbiq edilməlidir. Dövlət tərəfindən bununla bağlı ciddi addım atılmalıdır. Ancaq bunun olub-olmayacağı mənim səlahiyyətim daxilində deyil ki, restoranların bağlanması haqqında bir qərar qəbul edim. Operativ Qərargah bununla bağlı ciddi monitorinq keçirib, dərhal qərar verməlidir. Ancaq mən düşünürəm ki, Azərbaycanın hazırda savaş dönəmində olduğu, haqq savaşı verdiyi bir vaxtda bizim səhv etməyə ixtiyarımız və zamanımız yoxdur. Biz bütün yöntəmlərlə ölkə daxilində koronavirusun yayılmasının qarşısını almalıyıq ki, ölkə daxilində yoluxma gedib bizim əsgərlərimizə, ordumuza yoluxmasın. Həkimləri insanların fərdi məsuliyyətsizliyindən irəli gələrək problemlərlə məşğul etməməliyik".
Qeyd edək ki, Azərbaycanda bu gün rekord sayda - 714 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.
Təhməz Əsədov