Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti ölkəmizdə səfərdədir

İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti ölkəmizdə səfərdədir

Tarix: 21 Oktyabr 2020 18:12

Məlum olduğu kimi, ötən həftə Ombudsman Səbinə Əliyeva idarə heyətində təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının toplantısında iştirak edərək insan hüquqlarının kobud pozuntuları ilə müşaiyət olunan Ermənistan silahlı qüvvələrinin mülki yaşayış məntəqələrinə hücumlarının ağır nəticələri barədə məlumat verərək mövcud vəziyyətlə yerində tanış olmaq üçün Ombudsmanları ölkəmizə dəvət edib.

Ombudsman Aparatından Sonxeber.net-a bildirilib ki, artıq Assosiasiyanın prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç və onun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Səfərin ilk günü Ombudsman Səbinə Əliyeva, İƏT Ombudsmanlar Assosiasiyanın prezidenti və Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoç Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevlə görüşüb.

Baş Prokuror Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün, o cümlədən mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin raket atəşinə tutulmasının Türkiyə Respublikası tərəfindən qətiyyətlə pislənilməsini və verilmiş bəyanatları yüksək qiymətləndirib. O, sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə olan cinayətlərin törədildiyini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalması nəticəsində xeyli sayda mülki insanın həlak olması və yaralandığını vurğulayıb, bu faktlarla bağlı Baş Prokurorluqda cinayət işinin başlandığını qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Şərəf Malkoç qarşılıqlı əməkdaşlığa böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini diqqətə çatdırıb, Azərbaycan Ombudsmanı ilə birgə səmərəli əməkdaşlığını qeyd edib. O, Baş Prokurorluq tərəfindən təqdim olunmuş faktlar və həyata keçirəcəyi yerində araşdırmanın nəticələri əsasında hesabat hazırlayacağını və beynəlxalq təşkilatlara göndərəcəyini bildirib.


Etiketlər:  İƏT Ombudsmanlar Assosiasiyasının prezidenti ölkəmizdə səfərdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ