Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YAP Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb

YAP Gəncədə 10 azyaşlı uşağı və daha 5 ailəni himayəyə götürüb

Tarix: 22 Oktyabr 2020 16:04

Yeni Azərbaycan Partiyası Vətən müharibəsinin davam etdiyi bu günlər ərzində döyüş bölgəsindən uzaqlarda yerləşən, lakin xain erməni hərbçilərinin bombardmanlarından zərər çəkmiş yaşayış məntəqələrimizdə evləri bu və ya digər dərəcədə dağılmış sakinlərə yardım məqsədilə geniş layihələr həyata keçirməkdədir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev ötən gün partiyanın nümayəndə heyətinin Gəncə şəhərinə səfəri zamanı səsləndirilmiş qərarı şərh edərkən bildirib.

H.Paşayev qeyd edib ki, Milli Ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həyata keçirdiyi əməliyyatlar Azərbaycanın haqq işidir. Azərbaycan əsgərinin bu müharibədə hədəfi nə yaşayış məskənləri, nə mülki obyektlər, nə də dinc sakinlərdir. Lakin vəhşi xislətli ermənilərin və onların işğalçı ordusunun yaşayış məntəqələrimizi hədəfə çevirməsi nəticəsində yüzlərlə dinc sakinimiz yaralanmış, onlarla uşaq, qadın və qoca həyatını itirmişdir.

"Təəssüf ki, döyüş bölgəsindən çox-çox uzaqlarda yerləşən Gənc şəhərində də daha irimiqyaslı dağıntıların şahidi olduq. Onlarla dinc sakin həyatını itirdi, yüzlərlə yaralımız vardır. Yeni Azərbaycan Partiyası, erməni vəhşiliyinin qurbanı olmuş 8 ailədə valideyinlərini itirmiş 10 azyaşlı uşağın himayəyə götürülməsi barədə qərar qəbul etmişdir. Qəbul edilmiş qərara əsasən, 6 ailəni təmsil edən 6 azyaşlının hər birinə ayda 300 manat, hər ailədən 2 azyaşlı olmaqla daha 4 azyaşlıya isə yetkinlik yaşına çatana qədər ayda 500 manat təqaüd ödəniləcəkdir. Partiya tərəfindən bank vasitəsilə ödəniləcək bu vəsaitlər uşaqların dövlət tərəfindən rəsmi surətdə tanınmış himayədarlarına çatdırılacaqdır".

Hüseyn Paşayevin sözlərinə görə, Yeni Azərbaycan Partiyası tərəfindən Gəncə şəhərində raket zərbələri nəticəsində evləri dağılmış daha 5 ailənin himayəyə götürülməsi ilə bağlı da müvafiq addımlar atılmışdır. Belə ki, qəbul edilmiş qərara əsasən, həmin 5 ailə onlar üçün yeni yaşayış evlərinin tikilib istifadəyə verilməsinə qədər yaşayacaqları mənzillərin kirayə haqqı ayda 300 manat olmaqla YAP tərəfindən ödəniləcəkdir.


Etiketlər:  Gəncədə azyaşlı uşağı daha ailəni himayəyə götürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ