Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2020 11:18
Prezidentin Fox News-a müsahibəsi bütün sahələrdə tək döyüşləri yox, müharibəni udduğumuzu göstərdi.
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova söyləyib.
Politoloq bildirib ki, suallar erməni provokasiyasından irəli gələn və onların marağından çıxış edən suallar idi:
"Minsk qrupuna həmsədrlik edən ölkələrin jurnalistləri öz ölkələrinin icra edə bilmədikləri ya da icra etmək istəmədikləri illərlə boş kağız üzərində qalan qətnamələri, dişsiz, ünvansız bəyanatları az deyilmiş kimi indi də informasiya məkanında çarpaz, tərs suallar verməklə guya öz ağıllarınca bizi divara sıxışdırmağa cəhd edirlər. Nəinki Ordumuzun Ali Baş Komandanı funksiyasını bacarıqlı bir sərkərdə qabiliyyəti ilə yerinə yetirən, hətta informasiya məkanının da Ali Baş Komandanı missiyasını böyük bir ustalıqla, xüsusi incəlik və sərrastlıqla icra edən Prezident İlham Əliyev bu dəfə də Amerika Birləşmiş Ştatlarının "Fox News" televiziya kanalına müsahibəsində beynəlxalq hüquqa, onun norma və prinsiplərinə istinad edərək, eyni zamanda siyasi etika da nümayiş etdirirək, səbir və təmkinlə bütün provokativ sualları dəf etdi. Ekran önündə olan yerli və xarici tamaşaçı Prezidentin müsahibəsini sanki bir futbol matçı kimi izləyirdisə, cənab Prezidentin hər tutarlı cavabı da yeni bir qol funksiyasını yerinə yetirirdi. Aydındır ki, bu suallar da erməni provokasiyasından irəli gələn və onların marağından çıxış edən suallar idi. Düşünürəm ki, hər şeydən əvvəl burada bir məsələni, daha doğrusu analogiyanı vurğulamaq yerinə düşür. Necə ki, Ermənistan dəfələrlə Azərbaycan Ordusunu təxribata çəkmək üçün müxtəlif provokasiyalara əl atsa da Ordumuz Ermənistanın heç bir təhrikedici oyununa getmir, eləcə də bu müsahibədə ölkə başçımız provokativ suallara qalib gələrək, onların hər birini böyük bir məharətlə, səbir və təmkinlə dəf etdi. Hər sualı mahiyyəti etibarilə məkrlə dolu olan jurnalist əvvəl Bakının gözəlliyindən danışaraq guya neytral ab-hava yaratmağa çalışdısa da sonra suallara savaşı Azərbaycanın başladığını, nahaq yerə qan tökülməsini boynumuza atmağa çalışmaqla sanki bu əsassız iddiaları təsdiq etdirməyə cəhd göstərməklə başladı. Cənab Prezident təmkinlə sentyabrın 27-də döyüşlərə başlayan tərəfin Azərbaycan olmadığını, bu zamana qədər heç bir ölkənin rəsmi nümayəndəsinin bu məsələni Azərbaycanın qarşısında qaldırmadığını, danışıqlar prosesini tamamilə pozmaq məqsədi ilə iyulda təxribata əl atan, avqustda diversiya qrupu göndərən, sonrasında da 27 sentyabrda hücuma keçən tərəfin Ermənistan olduğunu bildirdi. Vaxtilə Azərbaycanda daxili qeyri-sabitlikdən sui-istifadə edən Ermənistanla müharibədə də Azərbaycanın müharibəni yox, döyüşü uduzduğunu vurğulaması ilə cənab Prezidentin verdiyi cavab ən güclü və tutarlı cavablardan sadəcə biri idi. Belə bir söz var "Zəiflər müharibə edir, ancaq döyüşü udur, güclülər isə ya müharibəyə yol vermir, ya da tamamilə müharibəni udur.
Bunu bir qədər izah etsək, o zaman görərik ki, tarix boyu da belə olub, zəiflər, gücsüzlər, acizlər təxribata əl atıb, məkrli planlarına nail ola bilməyəndə müharibəyə gedib, güclülər isə hər zaman ədaləti bərpa edib. Azərbaycanın və onun qətiyyətli liderinin hal-hazırda etdiyi də budur-ədaləti bərpa edərək tarixi torpaqlarımızı geri almaq!
Qayıdaq müsahibəyə, daha önəmsilisi önəmsiz jurnalistə... Məqsədinə nail ola bilmədiyi üçün sanki hirsini hələ də soyuda bilməyən jurnalistin yenidən eyni provikativ suallarına dönməsi zamanı Prezidentin erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərdən çıxarılmasını istədiyimizi deyəndə onun hüquqi nöqteyi-nəzərdən haqlı olduğumuzu və dediklərinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olduğunu vurğulaması birmənalı olaraq hədəfə dəqiq istiqamətlənmiş 10 ballıq ox atışı idi".
Ş.Həsənova onu da qeyd etdi ki, Prezidentin Fox News-a verdiyi müsahibədə ən möhtəşəm iki məqamı vurğulamaq yerinə düşər:
"Müsahibə zamanı ölkə başçımızın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsini xatırlatması da lap yerinə düşdü. Yəni Təhlükəsizlik Şurası beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq üçün lazımi tədbirləri görməyincə, Birləşmiş Millətlər Təşkilatının üzvünə silahlı hücum edilərsə, beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və ya bərpa etmək üçün heç bir şey fərdi və ya kollektiv özünümüdafiə hüququnu pozmayacaqdır. Azərbaycan da bu gün özünü müdafiə və beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edir. Bundan əlavə, Dağlıq Qarabağda yaşayan ermənilərin qeydinə qalmağa hazır olduğumuzu, onların oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlarının təminatını bir ölkə başçısı kimi növbəti dəfə siyasi etika nümayiş etdirərək verir. Eyni zamanda, jurnalist muxtariyyət yalanını sözarası elə hayasızcasına sualların ortasına əlavə edir ki, sanki beyinlərə yeridir ki, hansısa mərhələdə ya danışıqlarda, ya sənədlərdə muxtariyyət verilməsi haqqında bir hissə olub. Lakin cənab Prezident sualı göydə dəf edərək o saniyə bildirdi ki, jurnalistin haqqında danışdığı "reallıq", Ermənistanın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış "reallıqlardır." Yəni, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan ibarət olan vasitəçilərdən Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb.
Növbəti sualda atəşkəsin yenidən bizim tərəfimizdən pozulduğunu sanki müsahibəyə qulaq asan tamaşaçının ya oxuyan oxucunun sanki beyininə yeritməyə cəhd etməsinin cavabında Azərbaycanın iki dəfə atəşkəsə razılaşdığını, lakin hər ikisində də Ermənistan tərəfindən dərhal sonra pozulduğunu və Azərbaycanın atəşkəsi pozması barədə sübut olmamasını qeyd etməsi cənab Prezidentin növbəti tutarlı cavabı idi. Azərbaycanın atəşkəsi razılaşdırmağa hazır olduğunu, Ermənistanın Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiq olduğunu bildirməli, həmsədr ölkələr tərəfindən təqdim edilən sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməli olduqları halda iki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur deməsi Ermənistanın konstruktiv mövqedən hər zamankı kimi uzaq olduğunu göstərməsi qarşısında nəinki ABŞ-da, həm də ölkə hüdudlarından kənarda, məşhur bir jurnalist olan Qreq Palkot həqiqəti artıq dərk etməli idi. Onun bu həqiqəti dərk etməməsi fonunda isə aldığı növbəti zərbə daha ağır oldu. Belə ki, müsahibənin ən möhtəşəm tərəflərindən biri düşmən dəyirmanına su tökən 5-ci kolonun təmsilçilərinin vasitəçiliyi ilə verilən və guya öz ağıllarınca cəmiyyətimizə əl altından sırıdılmağa çalışan, Amerikanın daxili auditoriyasına və dünya ictimaiyyətinin beyninə yeridilən insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamların olduğu, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı səsləndirilən fikirlər ilə bağlı idi ki, buna cavab olaraq Cənab Prezidentin Fox News-a verdiyi müsahibədə, məncə, ən möhtəşəm iki məqamı vurğulamaq yerinə düşər.
1. Jurnalistin ordumuzda guya suriyalı döyüşçülərin olması haqqında "New York Times" qəzetində çıxan yazını vurğulaması, buna cavab kimi isə cənab Prezidentin Trampın yalan xəbər yaydığına görə "New York Times" qəzetini necə əsl XALQ DÜŞMƏNİ adlandırmasını xatırlatması.
2. Bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı səsləndirilən fikirlər ilə bağlı verilən sual və cavab: burada isə cənab Prezident ABŞ-da 2000-ci ildə keçirilən seçkilərdə Respublikaçı Corc Buşun Demokrat Albert Qora necə qalib gəlməsinə sətiraltı eyhamı idi. Belə ki, məhz o seçkilərin son anında açar əyalət sayılan Florida ştatındakı hesablama həlledici oldu. Qor və onun komandası avtomatik sayımda 6 milyon bülletenin səhv hesablandığını iddia edərək, səslərin əllə hesablanmasını tələb etdikdən sonra Buşun 500 səs çox topladığı Florida ştatındakı hesablama həlledici olmuşdu. Daha sadə desək, Corc Buşun Florida qubernatoru olan kiçik qardaşı Ceb Buşun vasitəsilə necə uduzan qalib olduğunu jurnalistə xatırlatması. Hər ikisi çox tutarlı, Amerika dövlətinin və cəmiyyətinin içindən olan, faktlara söykənən cavab idi. Bununla da cənab Prezidentin nəinki Amerika siyasətini bildiyi və cəmiyyətini tanıdığını, eyni zamanda bir daha nə qədər hazırlıqlı, bilikli, savadlı siyasətçi olduğunu bütün dünya sübut etdi.
Qeyd edildiyi kimi baxmayaraq ki, Qreq Palkot nəinki ABŞ-da, həm də ölkə hüdudlarından kənarda, məşhur bir jurnalist olmaqla yanaşı, həm də beynəlxalq vəziyyətdən də yaxşı xəbərdardır, amma onun bu müsahibədə verdiyi suallardan aydın olurdu ki münaqişənin tarixi, qəbul edilmiş beynəlxalq sənədlərdən ya bixəbərdir, ya da bijurnalistdir. Jurnalist neytral və qərəzsiz olmaldıır, lakin onun bütün sualları qərəzli notlara köklənmişdi. Bunlar az deyilmiş kimi məgərsə o həm də səbirsiz və təmkinsiz imiş. Belə ki, respondentin çıxışına yerli-yersiz müdaxilə etməsi onun yarımçıq jurnalistliyindən xəbər verir. Sualına cavab alsa belə öz iddiasını müxtəlif yollarla əsalandırmağa çalışırdı. Lakin nail ola bilmədi. Bütün həmlələri dəf edildi.
Azərbaycanın həmişə Amerika Birləşmiş Ştatlarının beynəlxalq terrorçuluqla mübarizədə bir yerdə olduğunu, hərbi qulluqçularımızı Əfqanıstanda saxlamaqla sülhməramlı əməliyyatlara öz töhfə verdiyimizi, enerji təchizatı məsələlərində, bütövlükdə, Azərbaycan və Amerika Birləşmiş Ştatlarının çox güclü tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulaması Amerikalı jurnalistə olan növbəti yerində olan cavab idi. Bütövlükdə, belə bir müsahibəyə baxdığımız üçün fərəh içindəyik. Ölkəmizə cənab Prezident İlham Əliyev kimi səriştəli diplomat, mahir, səbirli və təmkinli siyasətçi, eyni zamanda siyasi etika cəhətdən da bütöv və tam şəxsiyyətin rəhbərlik etməsi ilə qürur duyduq. Bu zaman kəsiyində bu cür müsahibələrin də gözlənilən olduğu kimi, əslində, biz də müsahibəni bir o qədər rahatlıqla izlədik. Çünki əminik ki, hər müsahibədə olduğu kimi bu dəfə də cənab Prezidentin cavabları hədəfə istiqamətlənmiş, sərrast, soyuqqanlı və dəqiq cavablar olacaq. Ali Baş Komandan nəinki döyüş əməliyyatları zamanı əldə olunan uğurlara rəhbərlik edir, o həm bütün siyasi və diplomatik təzyiqlərə sinə gərərək ölkəmizin maraqlarını informasiya savaşında da ən yüksək səviyyədə müdafiə edir".
Təhməz Əsədov