Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 16:36
Ermənistan silahlı qüvvələri Tərtər rayonunda dinc əhaliyə qarşı beynəlxalq konvensiyalarda qadağan olunmuş ağ fosforlu mərmilərdən istifadə edib.
ANAMA-nın əməkdaşı Mədət Məmmədov Trend-ə bildirib ki, Tərtər rayonunun Səhləbad kəndi ərazisinə atılmış fosforlu top mərmiləri xoşbəxtlikdən partlamayıb:
"Bu gün səhər 102 "Qaynar xətti"nə daxil olan məlumat əsasında əraziyə baxış keçirilib və bir ədəd partlamamış ağ fosforlu top mərmisi aşkarlanıb. 122 millimetrlik mərmilərin içərisində 3 kiloqram 800 qram ağ fosfor var. Mərmilər partlayıcı mexanizmlərindəki nasazlıq səbəbindən düşərkən partlamayıb.
Fosforlu top mərmiləri partlayış yolu ilə yerində zərərsizləşdirilib.
Qeyd edək ki, fosforlu bombadan istifadənin qadağan edilməsi ilə bağlı müxtəlif beynəlxalq sənədlər var. İlk olaraq 1868-ci ildə Sankt-Peterburq deklarasiyası qəbul edilib. Bundan başqa, müharibə qurbanlarının qorunması haqqında 1949-cu il Cenevrə konvensiyaları və əlavə protokollar, "Adi silahların konkret növləri haqqında konvensiyaya" III protokol (1980) - həddən artıq ziyan vuran hesab edilə bilən və ya qeyri-seçim hərəkətinə malik adi silahların konkret növlərinin tətbiqinin qadağan edilməsi və ya məhdudiyyət qoyulması barədə konvensiya var. Həmin sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə, ayrı-ayrı mülki şəxslərə və ya mülki obyektlərə yandırıcı silah tətbiq etməklə hücum qadağandır. Ermənistanın bu silahdan istifadə etməsi mülki Azərbaycan əhalisinə qarşı terror, təxribat və mümkün qədər çox qırğın törətmək məqsədi daşıyır".