Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 11:30
Dağlıq Qarabağın ərazisi dağlıq olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin bölmələri illərdir dağlıq ərazilərdə təlimlər keçirdilər.
Bunu Sonxeber.net-a açıqlamasında hərbi bloger Tofiq Şahmuradov deyib.
O bildirib ki, hansısa bir qəsəbə, kənd işğaldan azad edilərkən öncə xüsusi qruplar halında mühəndis istehkam bölmələri kəndlərə enir:
"Azərbaycan Silahlı Qüvvələrinin dağ briqadaları var idi. Həm də Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin illərdir təlimlərinin hamısı dağlıq ərazilərdə aparılıb. Düzdür, illərdir o ərazilər düşməndə olduğuna görə, düşmən orada möhkəmləndiyinə görə, əlbəttə ki, ərazinin relyefi çətinliklər yaradacaq. Amma inşallah şanlı ordumuz bu çətinliyin də öhdəsindən gələcək, qoyulan tapşırığı tezliklə başa çatdıracaq.
Çox ümidliyik
Tezliklə yeni ərazilərin işğaldan azad olunması xəbərlərini eşidə bilərik. Ordumuz hər gün, demək olar ki, yeni-yeni kəndləri, qəsəbələri düşməndən azad edir. Demək olar ki, mütəmadi bununla bağlı Ali Baş Komandanın da tvitləri olur. Yəqin ki, qısa bir müddətdə şanlı ordumuz inşallah Şuşaya, Xankəndinə barağımızı sancacaq. Biz ona çox ümidliyik.
Ərazi işğaldan azad ediləndə həmin dəqiqə kəndə girilmir
Hərbidə belə bir şey var ki, yaşayış məntəqələri azad olunsa da ora həmin dəqiqə daxil olmurlar. Yəni, məsələn, hansısa bir qəsəbə, kənd işğaldan azad edilibsə, həmin dəqiqə taborlar kəndə yeridilmir. Öncə xüsusi qruplar halında mühəndis istehkam bölmələri kəndlərə enir. Ola bilər ki, düşmən ora hansısa "sürprizlər" yerləşdirib, minalayıb, ola bilər orada düşmənin kəşfiyyat qrupları qalıbdır. İlk öncə, xüsusi qruplar halında mühəndis istehkam bölmələri həmin əraziyə düşür, ərazini tam təmizləyəndən sonra bizim bölmələrimiz həmin kəndə daxil olurlar. Ona görə də kənd, ərazi işğaldan azad ediləndə həmin dəqiqə kəndə girilmir. Öncə orada kəşfiyyat aparılır, kəşfiyyat qrupları kəndi müşahidə altına alır, kənddə "təmizlik işləri" ilə məşğul olandan sonra bölmələrimiz, demək olar ki, tam şəkildə girir".
Təhməz Əsədov