Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 12:57
Bakı. Elçin Mehdiyev – Trend:
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi müasir tariximizin çox mühüm dönüş nöqtələrindən biridir.
Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədrinin müavini - İcra katibi Əli Əhmədov Heydər Əliyevin 1969-cu ilin iyul ayında Azərbaycanda hakimiyyətə gəlməsinin 50 illiyinə həsr edilmiş “Heydər Əliyev: Azərbaycana həsr olunmuş ömür” adlı tədbirdə deyib.
Ə.Əhmədov bildirib ki, Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi daha böyük bir yanaşmanın və missiyanın özünəməxsus ifadəsi idi: “O zaman Sovetlər Birliyində yaranmış ənənəyə görə xüsusi bir partiya elitası formalaşmışdı. Respublikalara və bütövlükdə İttifaqa rəhbərlik missiyası bu elitanın içindən seçilmiş şəxslərə həvalə edilirdi. Digər sahələrdən, o cümlədən bizim hüquq-mühafizə orqanlarından partiya və respublikaya rəhbər vəzifəyə gətirilməsi praktikası demək olar ki, tətbiq edilmirdi. Heydər Əliyev isə o zaman Sovet Azərbaycanının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışırdı. Elə məhz 1969-cu ildə Heydər Əliyevin faktiki olaraq Azərbaycan rəhbərliyinə gətirilməsi yeni bir praktikanın sınaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Bunun müstəsna səbəbi Heydər Əliyevin şəxsi keyfiyyətləri ilə əlaqədar idi. O, Azərbaycana rəhbərlik etmək iqtidarında olmasını əvvəllər çalışdığı işlərdə sübut etmişdi. Bu ciddi addım özünün müsbət nəticəsini verdi. Heydər Əliyevin Azərbaycanda 70-ci illərdə yaratdığı potensial həyatımızın bütün sferalarını əhatə edirdi. Sonradan bu praktika Sovetlər Birliyinə daxil olan digər respublikalarda tətbiq olunmağa başladı. Gürcüstanda daxili işlər naziri vəzifəsində çalışan Eduard Şevarnadze də ölkəsində rəhbər vəzifəyə gətirildi".
Baş nazirin müavini qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi və ölkəmizin yüksək inkişafa gəlib çatması təkcə həmin dövr üçün xarakterik olan hadisə deyildi. Bu, Azərbaycanın müstəqillik dövründə də özünü göstərdi:
"Heydər Əliyev Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra bir çox problemlərin həlli, müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsi üçün xalq tərəfindən dəvət olundu. Azərbaycanın müstəqilliyi və inkişafı Heydər Əliyevin yerinə yetirdiyi tarixi missiya oldu”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin