Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2019 16:05
Bakı. Trend:
Bakı Konqres Mərkəzində Dünya İrs Komitəsi 43-cü sessiyası Dünya İrs Siyahısına təqdim edilən nominasiyaların müzakirəsi ilə davam edir.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, növbəti müzakirə mövzusu İndoneziyanın Savahlunto kömür mədəni ilə bağlı nominasiya oldu. Müzakirələrdən sonra nominasiya siyahıya daxil edildi. İndoneziya nümayəndəsi təşəkkürünü bildirərək dedi ki, nominasiya qabaqcıl texnoloji yenilikləri əks etdirən sənaye irsini əhatə edir, xalqın mədəni iradə və istəklərini əks etdirir. Bu irsin UNESCO siyahısına salınması və dünyada tanınması bölgəyə turistik marağın artmasına və yerli əhalinin rifahına da töhfə olacaq.
Sessiyada növbəti təqdimat Yaponiyanın təqdim etdiyi "Mozu Furuichi Kofun Gruop" – qədim yapon mədəniyyətini əks etdirən məzarlıqla bağlı idi. Osaka ovalığında yerləşən məzarlıq 1500 ildir ki, yerli əhali tərəfindən qorunur.
Müzakirələr zamanı İspaniya, Azərbaycan və Dünya İrs Komitəsinin digər üzvləri Yaponiyanın bu sahənin mühafizəsinə göstərdiyi diqqəti təqdir edib, yerli əhalinin mədəni irsinə münasibəti yüksək qiymətləndirilib. Nominasiya Dünya İrs Siyahısına daxil edilib.
Yaponiya hökumətinin nümayəndəsi komitənin üzv dövlətlərinə minnətdarlıq edib. Təmsilçi Kofun dövrünə aid bu sahənin mühafizəsi ilə bağlı məlumatı diqqətə çatdırıb, bu ərazinin böyük tarixi irs xəzinəsi olduğu bildirilib.
Daha sonra Laos Demokratik Respublikasının təqdim etdiyi Xienghuang tarixi ərazisi ilə bağlı nominasiya müzakirəyə çıxarılıb. Məruzəçi nominasiya ilə bağlı düzəliş və s. təklifin olmadığını bildirib və ərazinin təqdimat qəbul edilib. Laos nümayəndəsi turizmin inkişafına böyük töhfə verən bu ərazinin Dünya İrs Siyahısına salınması daxil edilməsinə görə komitə üzvlərinə təşəkkür edib. Nümayəndə siyahıya daxil edilən hər bir nümunənin dünya mədəni irsinin bir parçası olduğunu bildirib. Həmçinin sessiyanın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkür edərək bütün iştirakçı dövlətlərə və dünyaya sülh arzulayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin