Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 14:15
Ermənilər tərəfindən Qərbi Azərbaycanda və Qarabağda təxminən 700-dən çox yer adı saxtalaşdırılıb, heç bir məntiqə sığmadan, süni şəkildə, zorla erməniləşdirilib.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, həmin yer adlarının 200-dən çoxu Qarabağ ərazisindədir:
"Ermənilər torpaqlarımızı vəhşicəsinə talan etdikləri kimi, həm Dağlıq Qarabağda, həm də Qərbi Azərbaycanda qədim Azərbaycan toponimlərini süni şəkildə saxtalaşdıraraq onlara yeni adlar qoyublar. Bu, qətiyyən yolverilməzdir. Beynəlxalq təcrübədə də belə hal yoxdur. Hətta II Dünya Müharibəsində faşistlər işğal etdikləri ərazilərdə adların dəyişdirilməsi ilə məşğul olmayıblar. Azərbaycan toponimlərinin saxtalaşdırılması ermənilərin bütün sahələrdə terrorçu, işğalçı, saxtakar olduğunu aydın şəkildə göstərən faktorlardan biridir. Ermənilər Qarabağda evlərimizi, qəbiristanlıqlarımızı, tarixi-mədəniyyət abidələrimizi dağıtdıqları kimi, toponimlərimizi də unutdururlar. Onlar bununla həmin ərazilərdə Azərbaycan tarixinin izlərini silməyə çalışıblar" .
İ.Həbibbəyli qeyd edib ki, ermənilərin qoyduqları yeni yer adları qətiyyən nə onların tarixi, nə də coğrafiyası ilə bağlı deyil.