Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan məğlubiyyətin qisasını Paşinyandan alacaq - Kim satıb Şuşanı? - FOTO

Ermənistan məğlubiyyətin qisasını Paşinyandan alacaq - Kim satıb Şuşanı? - FOTO

Tarix: 17 Noyabr 2020 12:33

27 sentyabrdan başlayan II Qarabağ müharibəsi Ermənistanı hələ neçə-neçə onilliklər zəlil durumda qalmasına səbəb olacaq. Hakimiyyətə gəldiyi ilk gündən verdiyi işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlarla bağlı bəyanatları ilə regionda sülhə, əminamanlığa təhdid olduğunu göstərən Nikol Paşinyan özü barədə naşı siyasətçi imicini də formalaşdırdı. Ermənistanın kapitulyasiyasının rəsmiləşdiyi sənəddən (10 noyabr) dərhal sonra qarışan Ermənistanda hazırkı mənzərə vətəndaş müharibəsini də qaçılmaz edəcək kimi görünür. Müharibədə məğlub olan Ermənistanda demokratik azadlıqların tapdanması adi hal alıb, fərqli düşünənlərə qarşı, sözün əsl mənasında, müharibə elan olunub. Baş nazir Paşinyanın göstərişinə əsasən, kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, siyasi fəallar saxlanılır, deputatlara qarşı hücumlar təşkil olunur. 

Artıq Ermənistanı biabırçı məğlubiyyətlə üz-üzə qoyan sənədlərdən sonra erməni baş nazirin istefasını tələb edən, hakimiyyət çevrilişinə cəhd edən etirazçıların qətlə yetirilməsi halları da müşahidə olunmaqdadır. Noyabrın 13-də İrəvanda Razdan körpüsünün altında Ermənistan Milli Məclisinin binasına daxil olan şəxslərdən birinin meyiti tapılıb.

Təqib və təzyiqin adi hal aldığı Ermənistanda təkcə siyasi fəallar deyil, onların yaxınları da basqılara məruz qalır. Faktiki olaraq xarici ölkələrin əlində oyuncağa çevrilmiş Paşinyan rejimi erməni xalqına müharibə elan edib.
Maraqlıdır ki, insan haqları haqqında gen-bol danışan Qərb dairələri Ermənistanda baş verən bu biabırçılığa göz yumurlar. Belə görünür ki, Ermənistan rəhbərliyi həmin dairələrin gözündə xüsusi imtiyaza malikdir, bu ölkədə hakimiyyət tərəfindən insanları öldürmək, həbs etmək, işgəncə vermək olar. 

Ermənistanın işğal etdiyi əraziləri azad etmək üçün Azərbaycanın məcburi savaş apardığı bir dönəmdə yaşananlarla bağlı kənardan səslənən hər ədalətsiz və təxribat səciyyəli bəyanat çox kəskin qəbul olunurdu. Bu, xüsusilə də Vladimir Solovyovun "Rossiya" telekanalında yaratdığı anti-Azərbaycan isteriyası ilə bağlıdır. O, məqsədyönlü şəkildə studiyaya ermənipərəst ekspertləri dəvət edərək, Azərbaycanın və xalqımızın ünvanına hücumlara və birbaşa təhqirlərə rəvac verirdi. Lakin Azərbaycanın tarixi qələbəsi ermənipərəst Solovyovu da həqiqətləri etraf etməsinə səbəb oldu. Aparıcı Ermənistanın ağır məğlubiyyətində Paşinyanı günahlandırıb: "İlham Əliyev müharibəyə hazırlaşan və qarşıya qoyulmuş vəzifəni həll edən mütləq qalib kimi görünür. Əlbəttə ki, İlham Əliyev birbaşa qarşıdurmada Paşinyanı məhv edib. O, daha peşəkar görünürdü. O, əsl prezident, Paşinyan isə Şuşaya qastrola gedən pis rəqqas kimi görünürdü. İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanıdır".

Ermənilər üçün göndərilmiş bir bəla olan Paşinyan 44 günlük müharibədəki ağır məğlubiyyətin məsuliyyətini üzərindən atmaq üçün müxtəlif vasitələrə əl atır. Paşinyan məğlubiyyətə görə məsuliyyəti üzərinə götürdüyünü desə də, bütün problemlərin yükünün onun çiyninə qoyulmasına da etiraz edir. Artıq bir neçə gündür Qarabağdakı məğlubiyyətə görə Ermənistan ordusunda həbslər başlayıb. Saxlananlar arasında cəbhə bölgəsində yerləşən hərbi hissələrin yüksək rütbəli məmurlarının da olduğu deyilir.

Paşinyan ötən gün ölkəsinin parlamentindəki çıxışında Şuşanı satması ilə bağlı ittihamları yaxına buraxmayıb. "Kim satıb Şuşanı? Şuşa satılıbsa, bu, son 30 ildə baş verib. Şuşa çox bədbəxt, boz şəhər idi", - deyən Paşinyan, qondarma rejimin "inauqurasiya" mərasimi zamanı hara səfər etdiyini xatırlamır, deyəsən. Sərxoş halda Cıdır düzündə əl açıb rəqs edən erməni baş nazir müharibənin sonunu bəlli edən alınmaz qala - Şuşanın Azərbaycan ordusu tərəfindən fəthinin şokundan hələ də ayılmayıb kimi görünür. Paşinyan Şuşanı 30 il ərzində alaq otlarının basdığını deyib: "Şuşa bizə lazım idi? Lazım idisə, onda niyə bu vəziyyətdə idi? İndi mənə deyirlər ki, niyə Dağlıq Qarabağ prezidentinin andiçmə mərasimi Şuşada keçirildi? Təsəvvür edin, erməni elitası düşünürdü ki, onun Şuşada mərasim keçirməyə haqqı yoxdur. Şuşa düşüncələrdə olmayanda itirilmişdi".

Xaos vəziyyətində olan Ermənistanın Paşinyan hakimiyyətdə olacağı müddət ərzində özünə gəlməsi üçün mün bir şəraitin mövcud olacağı inandırıcı görünmür. Vətəndaşlarının inamını ayaq altına atan erməni baş nazir ən yaxın müttəfiqi Rusiya ilə də münasibətləri deaktiv edib. Vəziyyəti düzgün dəyərləndirən Ali Baş Komandan və onun rəhbərlik etdiyi ordu ermənilərin 4 ilə əliyalın insanları qətlə yetirərək işğal etdiyi torpaqlarımızı 44 günlük müharibə ilə azad etməyi bacardı. 

Ermənistan ordusu barədə yaratdıqları mifin təsirindən ayılan dünya erməniləri artıq Azərbaycanın real gücü ilə barışmağa başlayıblar. Məcbur şəkildə işğa etdikləri torpaqlara göndərilən erməni gənclərinin yaxınları, anaları övladlarının ölümünə görə Paşinyan rejimini ittiham edirlər. Övladlarını kor-koranə Azərbaycanın nizamlı ordusunun qarşısına verdiyi üçün hakimiyyətin cavab verməyini tələb edən ermənilər paytaxt İrəvanda etiraz aksiyalarını davam etdirirlər. Müdafiə Nazirliyinin qarşısına toplaşan əsgər yaxınları dövlətdən Qarabağ müharibəsi zamanı itkin düşmüş övladlarını "Uşaqlarımız haradadır?", "Uşaqlarımızı qaytarın!" kimi şüarlar səsləndirərək tələb edirlər.

Azərbaycanda isə tamamilə fərqli mənzərə müşahidə olunur. Şəhid valideyinləri övladlarının Müzəffər, Xilaskar Ordunun tərkibində işğal altındakı torpaqlarımızın azadlığı uğrunda aparılan müharibədə qəhrəmancasına şəhid olduqları üçün qürur duyduqlarını etiraf edirlər. Azərbaycanın şərəfli zəfər tarixində əsgər zabit heyətimizin qəhrəmanlığına ən böyük qiyməti xalq və onun ətrafında sıx birləşdiyi Ali Baş Komandan verdi - "Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir və hər kəs bunu bilməlidir". 

Təhməz Əsədov


Etiketlər:  Ermənistan məğlubiyyətin qisasını Paşinyandan alacaq satıb Şuşanı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ