Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 16:04
Bu il nazirlik tərəfindən 1 600-dən çox qanunvericilik aktı layihəsi hazırlanıb, 2 800-dən artıq normativ sənəd layihəsinə rəy verilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib. Onun sözlərinə görə, 3,4 milyonadək notariat hərəkəti rəsmiləşdirilib:
"230 mindən çox vətəndaşlıq vəziyyəti aktları dövlət qeydiyyatına alınıb, bu əməliyyatlarla bağlı 6,5 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb".
Nazir qeyd edib ki, məhkəmə qərarlarının icrası, alternativ, o cümlədən özəl icra institutunun tətbiqi üzrə tədbirlər davam etdirilib, bu sahədə zəruri təhlillər aparılıb və beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurulub:
"Bu il 375 min icra sənədinin icrası təmin edilib, 610 milyon manat vəsait hüquqi və fiziki şəxslərə, vergi borcları ilə bağlı dövlət büdcəsinə ödətdirilib, ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmamasına dair 370-dən çox iş üzrə ibtidai istintaq tamamlanıb".
Məhkəmə ekspertizası mərkəzində 41 ekspert ixtisası üzrə 24 min rəy və arayış verilib, bələdiyyələrin 67 mindən çox aktı inzibati nəzarət qaydasında yoxlanılıb, qanunsuz ayrılmış 7 600 hektardan artıq torpaq sahələri geri qaytarılıb, cinayət xarakterli pozuntularla bağlı 24 fakt üzrə materiallar prokurorluğa göndərilib.