Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2020 17:27
"Azərbaycanın ərazi bütövlüyünün bərpası cənab Prezident İlham Əliyevin 17 illik fəaliyyətinin nəticəsidir".
Bunu Sonxeber.net-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Politoloq bildirib ki, Prezidentin düşünülmüş diplomatik addımları bütün dünyada Azərbaycana qarşı obyektiv rəy formalaşdırmağa müvəffəq oldu:
"Azərbaycan Silahlı Qüvvələri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Ağdamın azad olunması da noyabrın 10-da Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli bəyanatın nəticəsidir.
Azərbaycanın gücünün yetərli dərəcədə olmaması nəticəsində 1990-cı illərin əvvəllərində ölkəmiz işğala məruz qalmışdır. Bütün bu uğursuzluqlara baxmayaraq, 17 illik fəaliyyəti dövründə cənab Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasətlə münaqişənin həlli üçün hüquqi baza yaradıldı, daha böyük güc toplayaraq torpaqlarımız azad edildi. Baxmayaraq ki, hətta bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmir, işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər, cənab Prezidentin düşünülmüş diplomatik addımları bütün dünyada Azərbaycana qarşı obyektiv rəy formalaşdırmağa, bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirməyə müvəffəq oldu. Eyni zamanda Azərbaycan informasiya müharibəsində də qələbə qazandı, Xocalı soyqırımı haqqında dünyaya müfəssəl məlumat verməyə müvəffəq oldu. Belə ki, "Xocalıya ədalət!" kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırım kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni formalaşdırdı və dünya ictimaiyyətinə çatdırdı".
Ş.Həsənova onu da qeyd edib ki, Prezident İlham Əliyev 17 illik fəaliyyəti dövründə iqtisadi sahəyə, hərbi sahəyə güclü təkan verərək Azərbaycanı öz sözünü deyə bilən bir ölkəyə çevirdi:
"Azərbaycanın BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi Azərbaycanın beynəlxalq nüfuzunun kifayət qədər yüksək olmasından və bunun da münaqişənin həllində xüsusi rol oynamasından xəbər verir. Çünki Azərbaycan sədrlik etdiyi dövrdə də Dağlıq Qarabağ məsələsini diqqət mərkəzində saxlamağa müvəffəq oldu. Bununla yanaşı, Azərbaycan pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımı göstərməklə dünya birliyinin etibarlı tərəfdaşı olduğunu bir daha sübut etdi.
17 illik fəaliyyəti dövründə cənab Prezident İlham Əliyev iqtisadi sahəyə, hərbi sahəyə güclü təkan verərək Azərbaycanı öz sözünü deyə bilən bir ölkəyə çevirdi və beləliklə də iqtisadi müstəqilliyimizi təmin edərək, ölkəmizi heç kimdən asılı olmayan ölkə etdi. Elə bu gücün məntiqi izahıdır ki, 44 günlük müharibə ərzində də, ondan sonra da cənab Prezident bütün siyasi təzyiqlərə sinə gərə bildi. Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. Bu gün müzəffər Ali Baş Komandan Xocalı qətliamını törətmiş cəllad Koçaryanın, Sarkisyanın kürəyini yerə vurdu, şəhidlərimizin qanını yerdə qoymadı".
Təhməz Əsədov