Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Noyabr 2020 16:24
Bakı. Trend:
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə Azərbaycan şərqşünaslığının görkəmli nümayəndələrindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb.
Aİİ-dən Trend-ə bildirilib ki, konfrans onlayn formada “ZOOM” proqramı üzərindən keçirilir.
Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov açılış nitqi ilə qonaqları və konfrans iştirakçılarını salamladıqdan sonra, böyük qələbə münasibətilə təbriklərini çatdırıb. Daha sonra rektor Vasim Məmmədəliyevin dünya və Azərbaycan elminə bəxş etdiyi töhfələr və yüksək xidmətləri barədə ətraflı bəhs edib. Onun tərcümə etdiyi Qurani-Kərimin Azərbaycan dilində mükəmməl tərcümə olduğunu xüsusi vurğulayıb. Rektor mərhum akademikin həyatı və elmi fəaliyyəti barədə geniş məlumat verib. Aİİ-nin yaranmasında onun mühüm xidmətlərinin olduğu Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin rolunu xüsusi vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışına Vasim Məmmədəliyevin ruhuna dua oxumaqla başlayıb. Şeyx Həzrətləri V.Məmmədəliyevlə bağlı xatirələrini danışıb, onunla tanışlıq və dostluq münasibətlərini xatırlayıb. Vasim Məmmədəliyevlə birlikdə çalışmalarının İslam dininə yeni ruh verdiyini xüsusi vurğulayan Şeyxülislam Aİİ-yə konfransın təşkil edilməsinə görə təşəkkür edib. Pandemiya dövründən sonra akademik Vasim Məmmədəliyevə həsr olunacaq beynəlxalq və yerli konfransların təşkil olunacağını xüsusi qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, özündən sonra böyük irs qoyub-gedən və indi də hər kəsin, elm adamlarının yararlandığı, bəhrələndiyi Vasim Məmmədəliyevlə hər ünsiyyətdən sonra onun necə dərin fəhm və zəkaya sahibliyinin şahidi olub. Komitə sədri qeyd edib ki, akademiklə birlikdə iştirak etdikləri dövlət tədbirləri, konfranslar və başqa tədbirlərdə onun vətənpərvər və azərbaycançılıq ideologiyasının təbliğatçısı olduğu aydın görünürdü. Mübariz Qurbanlı konfrans təşkilatçılarına öz təşəkkürünü çatdırıb, Aİİ-nin bundan sonra Vasim Məmmədəliyevin irsini layiqincə davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.
Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov çıxış edərək, elm dünyasında xüsusi yeri olan V.Məmmədəliyevin mükəmməl ərəb dili mütəxəssisi olduğunu vurğulayıb. O qeyd edib ki, akademik şəriəti detallarına kimi ətraflı izah edə bilirdi. Bunun illərlə akademikin aparıcısı olduğu “Haqqın dərgahı” verilişində də əyani surətdə göründüyünü xüsusilə qeyd edən millət vəkili Qurani-Kərimin tərcüməsinin elm aləmi üçün xüsusi önəmini vurğuladıqdan sonra, İlahiyyat İnstitutunun pedaqoji heyətinin məhz onun tələbələrinin olmasının böyük əhəmiyyətini qeyd edib.
Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Şahin Pənahov konfrans iştirakçılarını BDU rektoru Elçin Babayev adından salamladıqdan sonra, akademikin universitetdə tələbə olduğu vaxtdan vəfatınadək keçdiyi dövrlər barədə ətraflı danışıb. Prorektor Vasim Məmmədəliyevin İslam dininin təbliği sahəsində gördüyü işləri yüksək qiymətləndirərək, 101 illik tarixi olan BDU-nun tarixində onun şərqşünas, ilahiyyatçı, elm xadimi kimi əbədi yaşayacağını vurğulayıb.
Akademikin qardaşı, Azərbaycan Respublikasının Xalq artisti, professor Vamiq Məmmədəliyev konfransın təşkili üçün İnstitut rəhbərliyinə təşəkkürünü çatdırıb. Vasim Məmmədəliyevin bir alim kimi formalaşmasında ailəsinin – ata və anasının rolunu xüsusi rolu olduğunu vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vasim Məmmədəliyev irsinə verdiyi dəyəri xüsusi qiymətləndirib.
V.Məmmədəliyevin qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyası Musiqi nəzəriyyəsi kafedrasının dosenti Turan Məmmədəliyeva konfrans iştirakçılarını salamlayaraq, tədbirə həm ailə üzvü, həm də iştirakçı kimi qatıldığının məmnunluğunu ifadə edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı-direktoru Mehman İsmayılov çıxış edərək, akademikin tələbəsi kimi danışmaqdan fəxarət hissi keçirdiyini qeyd edib. Vasim Məmmədəliyevlə bağlı tələbəlik illərinin xatirələrini bölüşərək, onun bütün təhsilalanlara ata qayğısı ilə yanaşdığını xüsusi vurğulayıb.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Paşa Kərimov çıxışında Vasim Məmmədəliyevlə tanışlığı, onun alim və pedaqoq kimi fəaliyyəti barədə böyük məmnunluq hissi ilə danışıb.
Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov çıxış edərək, akademik haqqında həm elmi rəhbəri, həm dekanı, həm də müəllimi kimi xatirələrini bölüşüb.
BDU Şərqşünaslıq fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Elxan Əzizov Vasim Məmmədəliyevlə birlikdə illərlə olan dostluq və əməkdaşlıq fəaliyyətləri barədə danışıb və onu xoş xatirələrlə xatırladığını qeyd edib.
Azərbaycan İlahiyyat İnstitutu İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova çıxış edərək, hər zaman hörmət və ehtiramla anılan akademikin nəinki müəllimlərə, hətta tələbələrə qarşı da münasibətində səbir və tolerantlıq nümunəsi göstərdiyini qeyd edib.
Konfrans mövzu ətrafında məruzələrlə davam etdirilir.