Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 11:51
Bakı. Samir Əli - Trend:
Daşkəsən rayonunda gənc qızın müəmmalı qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Trend-in məlumatına görə, iş üzrə cinayət işinin istintaqı yekunlaşaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun icratına verilib. İş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 10-na təyin olunub.
Xatırladaq ki, bu il iyunun 4-də Daşkəsən rayonunun Əhmədli kənd sakini 1996-cı il təvəllüdlü Elgün Abbasova qətlə yetirilib.
Qətldən sonra qızın atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına zəng vuraraq qızını qətlə yetirdiyini bildirsə də, daha sonra qızın qardaşı Elvin Abbasov hüquq-mühafizə orqanlarına bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib.
Daşkəsən rayon Prokurorlıuğundan isə bildirilib ki, aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Elvin Abbasovun qısqanclıq zəminində bacısı, 1996-cı il təvəllüdlü Elgün Abbasovanın başına odun parçası vurmaqla onu qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.